“Avropa İrs Günləri” layihəsinin Milli Koordinatorlarının növbəti illik toplantısı keçirilir FOTOLAR

Fransanın Strasburq şəhərində “Avropa İrs Günləri” layihəsinin Milli Koordinatorlarının növbəti illik toplantısı keçirilir. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Qasım Şirinli iştirak edir.

Görüşün məqsədi 2017-ci il ərzində “Avropa İrs Günləri” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin, eləcə də Avropa Komissiyasının və Avropa Şurasının “2018 Avropada Mədəni İrs İli: Bölüşmək sənəti” layihəsinə dair müzakirələrin aparılmasıdır.

Məlumat üçün bildiririk ki, Avropa Şurası və Avropa Birliyi, eləcə də mədəniyyət və mədəni irs sahəsində ixtisaslaşmış bir çox təşkilatlar 2018-ci ilin Avropada Mədəni İrs ili kimi qeyd edilməsi layihəsinə qoşulub. Növbəti il ərzində European Heritage Days, Europe Nostra, Creative Europe və bir sıra başqa təşkilatlar tədbirləri məhz #EuropeForHeritage həştəqi ilə keçiriləcəklər.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Yerli və əcnəbi turistlərin, eləcə də bölgə sakinlərinin tarix və mədəniyyət abidələrinə sərbəst girişini təmin etmək məqsədi daşıyan Avropa İrs Günləri layihəsi hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə keçirilir. Bəzi ölkələrdə tədbirlər hər il müəyyən regionu əhatə edir, bəzilərində isə bütün ölkə boyu qeyd olunur, tarix və mədəniyyət abidələrinin qapıları hamının üzünə açılır. Ümumiləşdirilmiş statistik məlumatlara əsasən, son dövrlərdə "Avropa İrs Günləri" çərçivəsində hər il Avropanın 100.000-dən çox mədəni irs abidəsində açıq qapı günləri təşkil olunur və 20 milyon nəfər ziyarətçi tarix və mədəniyyət abidələrini ziyarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə