Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu SİA-ya bildirib ki, 20, 21, 22 oktyabr tarixlərində saat 12.00 və 19.00-da “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Düyməcik” (H.K. Andersen), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli) və “Qızıl cücə” (V. Ulanovski, V. Orlov) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Nadir Xasıyev, Ağaxan Şərifov, Nadejda Povelitsina, Elxan İsmayılov, Yuliya Heydərova, Rauf Babayev, Elçin İmanov, Mehriban Zalıyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

Oktyabrın 21-i və 22-də nümayiş olunacaq “999-cu gecə” böyüklər üçün nağıl-tamaşada Təbrizin sevilən kino və teatr aktyoru Camal Saqinejad tamaşaçıların qarşısına çıxacaq. O, teatrın bu uğurlu səhnə əsərində Şah obrazını ifa edəcək.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 20 oktyabr saat 12.00-da H.K. Andersenin “Düyməcik”, 22 oktyabr saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ə. Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri 21 oktyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Həftəsonunu maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə