Milli Dram Teatrında xalq artisti Məhluqə Sadıqovanın xatirəsi anılıb FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Məhluqə Sadıqovanın 100 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Prezident İlham Əliyevin “Məhluqə Sadıqovanın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamına əsasən reallaşıb.

Əvvəlcə qonaqlar unudulmaz aktrisanın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldıqları tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sənətkarın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb. Nazir müavini unudulmaz aktrisanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərini vurğulayıb, onun yaratdığı obrazlar qalereyasına nəzər salıb.

Qeyd edilib ki, 1917-ci il aprelin 28-də Şuşada anadan olan M.Sadıqova 1930-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1936-cı ildə Bakı Tibb Texnikumunu bitirdikdən sonra rəqs və dram dərnəklərində çalışıb. Sonralar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib. O, qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemətov, Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov aktrisanın sənətdəki əvəzsiz xidmətlərindən, insani keyfiyyətlərindən bəhs ediblər.

Sənətkarın ailəsi adından ABŞ-da yaşayan nəvəsi Maykl Şərif çıxış edərək M.Sadıqovanın xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Sonra Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.

loading...