AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevin "Şəxsiyyət Dövlət Möcüzə…" adlı kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

"Şəxsiyyət Dövlət Möcüzə…" kitabı özünün qeyri-adiliyi, məzmununun zənginliyi, üç mürəkkəb problemi üzvü bağlılıqla - insan amili üzərində quraraq, dünyəvi və dini elmlərin vəhdətində məntiqi ardıcıllıqla tarixi, sosial və hüquqi aspektdə baxılması elm və sivilizasiyanın Şərqdə yaranaraq dünyaya yayılması faktlarının əsaslandırılması ilə səciyyələnir.

Kitabda insan, fərd və şəxsiyyətin mahiyyəti, insanın canlı aləmdə yeri, şəxsiyyətin xarakterik xüsusiyyətləri (temperamenti, qabiliyyəti və dahiliyi), şəxsiyyətin ləyaqət və statusu təhlil edilməklə ideal şəxsiyyət modeli formalaşdırılır.

Kitabda hamı üçün maraq kəsb edən Şumer və Quran möcüzələri haqqında dünya alimlərinin fikirlərini, Şərqin dünya sivilizasiya və mədəniyyətinə təsirindən və verdiyi töhfələrdən, bütün peyğəmbərlərin məhz Şərqdə dünyaya göz açması, hələ on dörd əsr əvvəl Quranda öz əksini tapmış fikirlərin on dörd il sonra dünya alimləri tərəfindən kəşf edilməsi başa düşülən dildə oxuculara çatdırılır.

Kitabın "Dövlət mexanizmi" adlanan fəslində dövlətçilik sistemi və onun elementləri: dövlət, dövlət hakimiyyəti, dövlət aparatı dövlət idarəetməsi və dövlət qulluğu üzvü bağlılıqla təhlil edilir, dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması və mahiyyəti araşdırılır.

Kitab tarixi faktlara və bu faktları əsaslandıran mənbələrlə zəngindir. Müəllif tərəfindən təqdim olunan müvafiq mənbələrə əsaslanaraq mülahizə və ideyalar təhrif olunmadan oxucuya çatdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə