Mədəniyyət işçilərinə fəxri adlar təqdim edilib

Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda mədəniyyət və turizmin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş, mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə mükafatların təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir.

Nazir qeyd edib ki, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ərəfəsində təqdim edilən mükafatlar ikiqat bayram ovqatı yaradır. Xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib.

Nazir müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb.

Vurğulayıb ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi xalqımızın tarixinə qızıl hərflərlə yazılmış müstəqillik gününün bəhrəsidir.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusilə vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın yorulmaz əməyi sayəsində xalqımızın mədəniyyəti beynəlxalq aləmdə təbliğ olunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi YUNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Mədəniyyət və turizm naziri deyib ki, ilin sonunadək daha iki mədəniyyət nümunəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi gözlənilir. Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub.

Sonra Əbülfəs Qarayev fəxri adların nişan və vəsiqələrini təqdim edib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmiş bir qrup şəxsə mükafatlar təqdim olunub.

Təltif olunanlardan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Sabir Əliyev və başqaları çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə