Molla Pənah Vaqifin 300 illiyi qeyd olunacaq

XVIII əsrin böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin bu il anadan olmasının 300 illiyi tamam olur. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq, M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na M.P.Vaqifin adının da daxil edilməsi bu qüdrətli söz ustasına verilən yüksək dəyərin göstəricisidir. TÜRKSOY təşkilatına üzv dövlətlərdə cari ilin “Molla Pənah Vaqif ili” elan olunması da buna parlaq misaldır. Ölkəmizin hər bir guşəsində də Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 18 oktyabr 2017-ci il tarixində saat 14:00- da keçiriləcək “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə həmin silsilə tədbirlər sırasındadır. Gecədə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənəcək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müəllimi, bədii qiraət ustası Məleykə Məmmədova şairin qəzəl və qoşmalarından nümunələr söyləyəcək.

Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən Xalq şairi S.Vurğunun “Vaqif” dramından səhnəcik göstəriləcək, şeirlər səslənəcək, vokal sinfinin trio ansamblının müşayiəti ilə “Qarabağ şikəstəsi” ifa olunacaq və “Vaqif” dramının səhnə təcəssümünü əks etdirən video-çarx nümayiş etdiriləcəkdir.

Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri tədbirdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə