Müstəqillik Gününə həsr olunan silsilə tədbirlərə start verilib FOTOLAR

Regional İdarənin Tabeliyində olan Mingəçevir, Yevlax şəhərləri, o cümlədən Bərdə və Tərtər rayonlarında start götürən silsilə tədbirlər möhtəşəm konsert proqramları, dəyirmi masalar, sərgilər, ədəbi-bədii gecələrin təşkili ilə davam edir. SİA-nın məlumatına görə, bu cür tədbirlərdən biri məhz Regional İdarənin tabeliyində olan Bərdə rayon nümayəndəliyində baş tutub. Şəhər əhalisi, qonaqlar, o cümlədən turistlərin də qatıldığı tədbir tanınmış yerli incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Bərdə şəhərində yerləşən Heydər Əliyev adına park-bulvar kompleksində keçirilən tədbirdə diqqət çəkən məqamlardan biri də maraqla izlənən sərgilər olub. Sərgilənən Bərdə Turizm İnformasiya mərkəzinin regionun turizm potensialını əks etdirən çap məhsulları, hədiyyələri, suvenirləri, Bərdə rayon MKS-nin sərgilədiyi dövlətimiz və müstəqillik haqqında kitablardan və Bərdə rayon Tarix-diyarşünaslıq Muzeyinin şəhər əhalisi tərəfindən muzeyə hədiyyə olunmuş eksponatlardan ibarət sərgiləri izləyicilərdə böyük maraq hissi yaradıb.

Tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova açıb. Validə Nabatova çıxış edərək, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyini, müstəqilliyin bərpasından sonra ölkəmizin hüquqi dövlət quruculuğu yolunu tutduğunu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yeni konstitusiya layihəsinin hazırlandığını və 12 noyabr 1995-ci il tarixdə ölkəmizin Əsas qanununun qəbulunun hüquqi dövlət ideyasının formalaşmasında təkan olduğunu bildirib.

Tədbirdə o da qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilib. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir və bu ənənələr daim qorunub saxlanacaqdır.

Açıq səma altında keçirilən tədbirə maraqlı konsert proqramı ilə yekun vurulub. Şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəqs sinfinin şagirdlərinin rəqsləri isə tədbirə xüsusi bir gözəllik qatıb.

Rayon Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın müşayiəti ilə ansamblın solistlərindən olan Ərəstun Əliyev, Firdovsi Məmmədov və digərlərinin ifaları iştirakçılara musiqi dolu xoş anlar bəxş edib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları da öz növbələrində silsilə tədbirlərə start veriblər.

Mərkəzin nəzdində fəaliyyət göstərən 5 nömrəli şəhər klubunun “Müstəqilliyimiz Əbədidir” başlıqlı tədbiri maraqlı anlarla yadda qalıb. Tədbirdə çıxışlar, musiqi nömrələri səsləndirilərək, uşaqların rəqsləri izlənilib.

Tədbir öncəsi klubun direktoru Ətayə Musayevə çıxış edərək əlamətdar gün münasibəti ilə iştirakçıların təbrik edib. Daha sonra Ətayə xanım Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı məlumat verərək müstəqilliyimizin qorunması üçün ölkəmizin çox əziyyətlər çəkdiyini vurğulayıb, Azərbaycanın multikulturalizm, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə olduğunu bildirib.

Sonda onu da qeyd edək ki, 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan və artıq start götürmüş silsilə tədbirlər Regional İdarə tərəfindən davamlı olaraq təşkil olunmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə