Nazir İranlı yazıçını qəbul edib FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məsturu, İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsini və “ATV Kitab” layihəsinin rəhbəri, şair Səlim Babullaoğlunu qəbul edib. SİA-nın məlumatına görə, Mustafa Məstur “ATV Kitab” layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən “Tanrının ay üzündən öp” romanını nazir Əbülfəs Qarayevə hədiyyə edib.

Görüş zamanı nazir hər iki xalqın zəngin mədəniyyətindən bəhs edib, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının fars dilli ölkələrdə, İran ədəbiyyatının isə türk dilli ölkələrdə yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Qəbula görə təşəkkür edən Mustafa Məstur Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışmış və Azərbaycan yazarlarının əsərləri ilə tanış olduğunu bildirib. Hər iki qonaq milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Hər iki tərəf bir daha bu cür tədbirlərin, görüşlərin xalqlarımız arasındakı mədəni əlaqələrin, eyni zamanda turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Qəbulda mədəniyyət və turizm sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə