“Mən Azərbaycanlıyam” tədbir-sərgi

Oktyabrın 18-də saat 15:00-da Azərbaycan İstiqlal Muzeyi öz ekspozisiyasında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Mən Azərbaycanlıyam” adlı tədbir-sərgi keçirəcək. SİA-nın məlumatına görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 1994-cü il 15 oktyabr tarixindən ümummilli lider Heydər Əliyevin fərmanı ilə 18 oktyabr Dövlət Müstəqillik Günü kimi qeyd olunur.

Muzeydə keçiriləcək sərigə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin 50-yə yaxın əl işləri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin və digər qonaqların çıxışları gözlənilir, “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvlərinin hazırladıqları rəqs və musiqi çələngi nümayiş olunacaq.

Tədbirdə rəssamlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvləri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə