Azərbaycan ədəbiyyatı Tbilisidə təqdim olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparıcı layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” Tbilisidə gürcü dilində təqdim edilib. Mərkəzdən SİA-ya bildirilib ki, Gürcüstan Yazıçılar Birliyinin akt zalında keçirilən tədbirdə Gürcüstanın Baş nazirinin müavini Quram Odişaria, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, tanınmış gürcü yazıçı və şairləri, tənqidçiləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak ediblər.

Tədbiri giriş sözü ilə görkəmli gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli açıb. O, Azərbaycan ədəbiyyatının Gürcüstanda yaxından tanıdılmasına və tədqiqinə geniş imkanlar yaradacaq bu nəşrin müasir milli ədəbiyyatın ümumi mənzərəsini əks etdirən ilk akademik nümunə olduğunu vurğulayıb: “Bu kitab Azərbaycanın və Gürcüstanın mədəni həyatında fövqəladə hadisədir. İlk dəfədir ki, qardaş Azərbaycan ədəbiyyatının bütöv mənzərəsi gürcü oxucusunun diqqətinə belə bir səviyyədə çatdırılır. Sizə bir şad xəbər də vermək istəyirəm ki, belə bir gözəl kitabı ərsəyə gətirmiş Azərbaycan Tərcümə Mərkəzi gürcü ədəbiyyatı antologiyasını da artıq nəşrə hazırlayıb. Biz Gürcüstan Yazıçılar Birliyi olaraq, Tərcümə Mərkəzinin başladığı bu müqəddəs məramlı işi birlikdə davam etdirəcəyik. Sirr deyil ki, xalqlararası dostluğu və anlaşmanı siyasi niyyətlər yox, məhz bəşəriyyəti insanlığa və mərhəmətə çağıran belə nəşrlər təmin edir”.

Gürcüstanın Baş nazirinin müavini Quram Odişaria tədbirdə çıxış edərək deyib: “Bu kitabın “Ön söz”ünün müəllifi olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan və gürcü ədəbiyyatları arasında əlaqələrin dərin kökləri var. Sevindirici haldır ki, bu ənənə hazırda yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar yaxın və uzaq ölkələrlə ədəbi-mədəni əlaqələrin genişlənməsində də özünü büruzə verir. Məhz bunun nəticəsidir ki, müasir dövrdə Bakı bütün Qafqazın qeyri-rəsmi paytaxtına çevrilib”.

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, Yazıçılar Birliyinin katibi, görkəmli gürcü şairi Makvala Qonaşvili, tanınmış yazıçılar Rezo Mşveladze, Zaur Motxoveli, Aleko Qriqolaşvili, “Didube” yazıçılar panteonunun direktoru, şair Badri Kutateladze, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Valehoğlu çıxış edərək kitabın nəşri və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Sonda Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin gücləndirilməsinə və məhsuldar yaradıcı fəaliyyətinə görə Afaq Məsuda Gürcüstan Yazıçılar Birliyinin “Mədəniyyət elçisi” fəxri diplomunu təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə