Nazir: "Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir" AÇIQLAMA

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib. SİA-nın məlumatına görə, nazir jurnalistlərə müsahibə verib. Ə.Qarayev ölkə başçısının tapşırığı ilə şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib: “Budəfəki qəbulda da vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Eyni zamanda da bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.

Nazir vurğulayıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməlidir: “Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub. Ona görə də yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdır. Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.

Regionlarda turizmin inkişaf etdirilməsinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirdiyini bildirib.

Bakıda, eləcə də regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir deyib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə