Məşvərət Şurasının növbəti iclası keçirilib

Sudan Respublikasının ev sahibliyi ilə Xartum şəhərində ISESCO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının 15-ci iclası keçirilir. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Y.Hüseynli təmsil edir.

İclas zamanı ISESCO-nun “İslam Dünyası üçün Mədəniyyət Strategiyası”nın təkmilləşdirilmiş layihəsinin, “Mədəniyyət və şəhərlə bağlı Qaydalar”ın, “İnkişafın mədəni göstəriciləri üzrə Təlimat”ın, “İslam dünyasında mədəni irsin qorunması haqqında Bəyannamə”nin layihələri müzakirə olunacaq. ISESCO Məşvərət Şurasının üzvləri, həmçinin “Mədəniyyət nazirlərinin İslam Konfransında iştirakına dair Prosedur Qaydaları”nın layihəsini və “İslam Dünyası üçün Mədəniyyət Strategiyasının tətbiqi üzrə Məşvərət Şurasının Prosedur Qaydaları”na təklif olunan əlavələri nəzərdən keçirəcək, “Mədəniyyət nazirlərinin 10-cu İslam Konfransının gündəliyinin layihəsi”ni təsdiq edəcəklər.

İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının 15-ci iclasında təsdiq edilmiş sənəd layihələri baxılmaq üçün noyabrın 21-dən 23-dək Sudanın Xartum şəhərində “İslam dünyasında gələcəyin şəhərlərinin dayanıqlı inkişafına doğru” başlığı altında təşkil olunacaq mədəniyyət nazirlərinin 10-cu İslam Konfransına çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə