Azərbaycanla Belorus arasında saziş imzalanıb

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Belorusun paytaxtı Minskdə beynəlxalq konfransda iştirak edib. Kitabxanadan SİA-ya bildirib ki, o, Belorus kitab nəşrinin və ilk kitabın naşiri olan Frantsisk Skorinanın 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda və Belorus Milli Kitabxanasının 95 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Kərim Tahirov həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə həsr olunmuş iyirminci ümumi illik yubiley iclasına da qatılıb. Yığıncaqda təşkilatın son 5 ildə gördüyü işlər haqqında hesabatı dinlənilib və maliyyə hesabatı təsdiq edilib. İclasda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının baş direktorunun seçkisi keçirilib və Rusiya Dövlət Kitabxanasının şöbə müdiri Qalina Raykova yenidən 5 il müddətinə həmin təşkilatın baş direktoru təyin edilib.

Avrasiya Kitabxanalar Assambleyasının ümumi iclasında Azərbaycan Milli Kitabxanası ilə Belorus Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Sazişi Azərbaycan Milli Kitabxanası direktoru Kərim Tahirov və Belarus Milli Kitabxanasının direktoru Roman Motulski imzalayıblar. Bu saziş 5 il müddətinə hər iki ölkələrin milli kitabxanaları arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, kitabxana və informasiya mübadiləsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələləri əhatə edir.

İclasın sonunda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iyirmi birinci ümumi illik yığıncağının 2018-ci ilin sentyabrında Bakıda keçirilməsi qərara alınıb. Ümumi yığıncaqda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyi ilə əlaqədar olaraq həmin təşkilatın təsisçisi olan 5 milli kitabxana, o cümlədən Azərbaycan Milli Kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının xüsusi medalı və fəxri fərmanı ilə təltif olunub, Rudomino adına Rusiya Xarici ədəbiyyat kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının üzvlüyünə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə