BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyası müzakirəyə çıxarılıb FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir. SİA-nın məlumatına görə, tədbirin növbəti sessiyası çərçivəsində BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyasının yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bununla bağlı, sessiya çərçivəsində işçi qrupunun sədri qismində çıxış edən N. Səmədov Turizm Etikası üzrə Konvensiyanın turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırlatmış və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırıb.

BMÜTT-nin Baş Katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin bu çıxışını dəstəkləmiş və sözügedən Konvensiyanın hazırlanmasında Azərbaycanın böyük payının olduğunu vurğulayıb. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləyib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulamış və bu baxımdan Konvensiyanın təsdiqinin zəruri olduğunu qeyd edib.

Bununla da, üzv ölkələrin yekdilli razılığı ilə Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilib.

Məlumat üçün qeyd edirik ki, 1999-cu ildə təsdiq edilmiş “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin ilk Konvensiya sənədi olacaq.

Bununla da, Azərbaycan turizm sahəsinde təsdiq edilən ilk Konvensiya oz töhvəsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə