"Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim”

Sentyabrın 20-də Xəzər Universitetində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, tədbirdə Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Sərdar Fərəcov, Əməkdar İncəsənət Xadimi, professor Həcər Babayeva, Xəzər Universitetinin kamera orkestri (dirijor Cavad Tağızadə) və rəqs ansamblı (bədii rəhbər Zülfiyyə Sadıqova), “Dissonans” musiqişünas heyəti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Məhsəti Cabbarova və Taleh Yahyayev iştirak edəcəklər.

Konfransda dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sənədli film nümayiş olunacaq. Eyni zamanda, XX əsr Bakının konsert musiqi həyatından, Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Aqşin Əlizadə, Firəngiz Əlizadənin yaradıcılığından söz açılacaq. Musiqili proqramda Xəzər Universitetinin kamera orkestri və rəqs ansamblı maraqlı musiqi və rəqs nümunələri ilə çıxış edəcəklər.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçiriləcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakının möhtəşəm konsert zallarında, teatr səhnələrində və muzeylərində tanınmış musiqiçilər və kollektivlərin iştirakı ilə möhtəşəm musiqi bayramının keçirilməsi planlaşdırılıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə