Azərbaycanlı baletmeystr Sankt-Peterburq səhnəsində

Sentyabrın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın ikihissəli “Korsar” baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında hazırlanıb.

“Korsar” baletinin dünya premyerası 1856-cı ildə Parisdə olub. Balet Primorsk səhnəsində ilk dəfə 2015-ci il aprelin 25-də nümayiş olunub. 2016-cı il mayın 12-də isə “Korsar” baleti Primorsk səhnəsində bərpa edilib.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə