Beynəlxalq Muğam Mərkəzində Moldovan və Azərbaycan musiqisi səslənib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzi yeni açılış mövsümündə “Etnik musiqi inciləri” beynəlxalq layihə çərçivəsində tamaşaçıların görüşünə gəlib. SİA-nın məlumatına görə, tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Ön söz ilə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış ediblər.

Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndiriblər.

Azərbaycanın Əməkdar artisti Şirzad Fətəliyev Azərbaycan folklor musiqisinin ən önəmli nəfəs çalğı aləti olan balabanda Azərbaycan və Moldavan xalq musiqilərindən nümunələr ifa edib.

Onu da qeyd edək ki, moldovan musiqiçilərinin ifasında səslənən “Sən gəlməz oldun”, “Sənə də qalmaz” kimi bəstəkar mahnıları səsləndirilib. Valentina Nejelin ifasında Azərbaycan xalq mahnısı “Laçın” tamaşaçılar tərəfindən hərarətlə alqışlanıb.

Tədbirdə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin nümayəndələri, ziyalılar və moldovan musiqisinin pərəstişkarları iştirak ediblər.

Növbəti həftələrdə də Beynəlxalq Muğam Mərkəzində digər ölkələrin etnik musiqilərinə həsr olunmuş gecələr keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə