"Kitab sənəti” müsabiqəsinin qaliblərinə diplomlar verilib

Xəbər verdiyimiz kimi, 2017-ci ilin 5-6 iyun tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclasında 11 adda Azərbaycan kitabı müsabiqənin əsas nominasiyaları üzrə qalib gəlib. SİA-nın məlumatına görə, Moskva şəhərində təşkil olunan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsində qalib gəlmiş kitablara diplomların təqdimolunma mərasimi keçirilib. Azərbaycan kitablarının mükafatları “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, eyni zamanda 7-9 sentyabr tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən MDB-nin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının XXII iclasında da iştirak edərək “Uşaq və gənclərin mütaliəsinin vəziyyəti və onun təkmilləşdirilməsi ilə bağlı tədbirlər” mövzusunda məruzə ilə çıxış edib.

Məlumat üçün bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sözügedən müsabiqəyə Azərbaycan Respublikası adından müxtəlif nominasiyalarda iştirak üçün 14 adda kitab göndərilmişdir. Azərbaycan müsabiqədə on bir nominasiya üzrə qalib gəlmiş Müstəqil Dövlətlər Birliyi arasında yeganə ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə