Xüsusi Komitəyə Azərbaycan sədrlik edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir. SİA-nın məlumatına görə, tədbir çərçivəsində BMÜTT–in Turizm Etikası üzrə Konvensiyanın hazırlanması üzrə prosedurların yekunlaşdırılması məqsədilə sözügedən təşkilatın Katibliyi tərəfindən Xüsusi Komitə (Ad Hoc) yaradılıb.

BMÜTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupuna sədrliyi zamanı göstərdiyi peşəkarlıq və səriştə, yeni yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) onu sədr olaraq ən uyğun namizədə çevirmişdir. Bununla da, BMÜTT-nin Katibliyinin təklifi və üzv ölkələrin yekdilli razılığı ilə sözügedən Komitəyə sədr olaraq N. Səmədov seçilib.

Qeyd edirik ki, Azərbaycanın sədrliyi ilə Komitənin ilk iclası 13 sentyabr tarixində öz işinə başlayıb. İclasda Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də BMÜTT-ə üzv olan 40-a yaxın ölkənin nümayəndəsi iştirak etmişdir. İclas öz işini daha iki gün davam etdirəcək.

Məlumat üçün bildiririk ki, yeni yaradılmış Xüsusi Komitənin (Ad Hoc) əsas məqsədi “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış “Turizm Etikası üzrə Konvensiya”nın razılaşdırılması və sənədin yekun variantının BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq üçün təqdim edilməsindən ibarətdir.

Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Qeyd olunan sənəd BMÜTT-nin ilk Konvensiya sənədi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə