Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüş keçirib

Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüşü keçirilib. Görüş ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsində gənclərin roluna həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son on ildə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini layiqincə davam etdirir: “Bilirsiniz ki, 90-cı illər son dərəcə çətin bir dönəm idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün vacib olan Azərbaycan Dövlət Film Fondu yaradıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildə Dövlət Film Fondu üçün yeni binanın tikintisinə başlanıldı və 2009-cu ildə bina istifadəyə verildi. Sovetlər birliyi dağıldıqdan sonra dövlət kino siyasətinin “Azərkinovideo” İctimai Birliyi (İB) tərəfindən həyata keçirildiyi 1990-cı illərdə kino sənayesi tənəzzül dövrünü yaşayırdı. O zamanlar film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. 2001-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə “Azərkinovideo” İB ləğv edilərək kino sahəsində dövlət idarəetmə funksiyası Mədəniyyət Nazirliyinə verildi. Əgər 2001-ci ildə kinonun illik büdcəsi 250 min manat idisə, 2003-cü ildə bu rəqəm 0,6 milyon manat, Mədəniyyət və Turizm Nazirliyi təşkil olunduğu 2006-cı ildə 3,3 milyon, 2016-cı ildə isə 5,9 milyon manat olmuşdu. Bu gün respublikamızda 1 dövlət, 12 özəl kinoteatr fəaliyyət göstərir. Siz gənclər kinonun tamaşaçıya düzgün çatdırılmasında, kino zövqünün formalaşdırılmasında yaxından iştirak edərək həm də təcrübə qazanmalısınız. Hazırda Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası fəaliyyətdədir. Təşkilatların, gildiyaların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, onların yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak etməli, müzakirələr və diskussiyalar, yaradıcılıq görüşlərində yaxından iştirak etməlidirlər”.

Son illərdə kino sahəsində qazanılan uğurları təhlil edən nazir müavini işdə yol verilən qüsurlara da toxunub. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin başlanması ilə nəticələnib.

Ədalət Vəliyev Azərbaycan kinosunun inkişafı və təbliğində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söz açıb: “Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini illərdir ki, davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib”.

Vurğulanıb ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib. Eyni zamanda, Bakı şəhərində üç dəfə Beynəlxalq Turizm Filmləri Festivalı, iki dəfə Beynəlxalq İdman Filmləri Festivalı təşkil edilib. Birinci Bakı Turizm Filmləri Festivalına dünyanın 38 ölkəsindən 215, ikinciyə 55 ölkədən 405, üçüncüyə isə 71 ölkədən 420 film təqdim olunmuşdu. Birinci Bakı İdman Filmləri Festivalına 19 ölkənin 50, ikinciyə 33 ölkədən 115 film təqdim edilmişdi. Bakı Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT), Bakı İdman Filmləri Festivalı isə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.

Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafının uğur konsepsiyasını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan Kinosu Günləri keçirilib.

Ədalət Vəliyev diqqətə çatdırıb ki, gələn il milli kinomuzun 120 yaşı tamam olur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu əlamətdar hadisəyə hazırlıq olaraq kinonun inkişafı və təbliğatı məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Nazir Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb və artıq bu əmrdən irəli gələn məsələlərin icrasına başlanılıb: “Nazirin əmrinə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 2402 müəssisə mövsümün açılışına hazırdır. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında da Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub. Milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də təhsil və islah-əmək müəssisələrində mütəmadi nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb. Eyni zamanda, nazirliyin veb-saytında və dövri nəşrlərində kino fəaliyyətinin təbliği ilə bağlı işlər genişləndiriləcək. Yaxın günlərdə biz KİV nümayəndələrinin iştirakı ilə milli kinonun təbliği məsələlərinə həsr olunmuş “dəyirmi masa”nın da keçirilməsini planlaşdırırıq. Bütün bunların müsbət nəticə verəcəyinə, kinoya tamaşaçı marağını artıracağına inanıram”.

Nazir müavini bu sahədə həyata keçiriləcək işlərdə gənc kino işçilərinin də yaxından iştirakının vacib olduğunu bildirib: “İnanıram ki, siz gənclər Azərbaycan kinosunun təəssübkeşi kimi öz bacarığınızı bir araya gətirərək bu sahənin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bu günə kimi kino sahəsində gənclər üçün hər cür şərait yaradılıb. Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. “Bu meydan, bu ekran” müsabiqələrinə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihəsi təqdim olunub. Qalib layihələrdən müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Biz bu il Azərbaycan həyatını əks etdirən qısametrajlı filmlər üçün növbəti ssenari müsabiqəsi elan edəcəyik”.

Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində yaşayan kino təhsilli azərbaycanlı gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət edilib. Son illər ərzində on gənc kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib: “Biz istərdik ki, kinonun özəl sektorunda çalışan gənclər filmlərin təbliğində və ümumilikdə Azərbaycan kinosunun inkişafında yaxından iştirak etsinlər”.

Görüşdə gənc kino işçilərini maraqlandıran sualları cavablandıran nazir müavini diqqətə çatdırıb ki, gənclər kinonun inkişafı və təbliği ilə bütün təkliflərini nazirliyin müvafiq qurumuna təqdim edə bilərlər. Uyğun təkliflər nəzərə alınaraq müzakirəyə çıxarılacaq. Gənclərin təqdim etdikləri ssenarilər, kino layihələri mütəmadi olaraq mətbuatda işıqlandırılacaq.

Sonda nazir müavini gənc kinematoqrafçılara kinoya göstərdikləri xidmət yolunda uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək gənc kinematoqrafçıları maraqlandıran sualları cavablandırıblar.

loading...