Mirvarid Dilbazinin 105 illiyinə həsr olunmuş sərgi keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq şairi Mirvarid Dilbazinin 105 illiyi münasibətilə “Mənim sevgim sizinlədir, balalarım” adlı sərgi keçirilib.

İdarədən SİA-ya bildirilib ki, kitabxananın uşaq şöbəsinin üzvləri sərgi ilə tanış olublar, onlara Mirvarid Dilbazinin yaradıcılığı haqqında məlumat verilib.

Bildirilib ki, əsilzadələr nəslindən olan şairə hər zaman uşaqları sevib, onlar üçün şeirlər yazıb, gənc nəslin mənəvi tərbiyəsində böyük rol oynayıb. O, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitablarla yanaşı, uşaqlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar da yazıb. Mirvarid Dilbazi, həmçinin Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə