V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

Son illər ölkəmizdə keçirilən festivallar regionlara yerli və xarici turistlərin axının sürətlənməsi, milli adət-ənənələrimizin, zəngin mətbəx mədəniyyətimizin və mədəni-tarixi abidələrimizin yerli və xarici turistlər arasında təbliği, eləcə də hər bir rayonun öz dəyərli nemətlərini nümayiş etdirməsi baxımından çox əhəmiyyətli rol oynayır. SİA-nın məlumatına görə, daxili turizmin inkişafına təsir edən, ölkəmizin turizm potensialının yüksəldilməsi məqsədini daşıyan və hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan müxtəlif festivallar artıq ölkəmiz üçün ənənə halına çevrilib.

26 avqustda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

Respublikamızın mədəniyyətinin və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.

Bildirək ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına və turizmin inkişafına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə