Müslüm Maqomayevin 75 illiyinə həsr edilmiş konsert

Oktyabrın 21-də Moskvada “Crocus City Hall”da dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş konsert olacaq. SİA-nın məlumatına görə, iki, ikihissəli konsertdə görkəmli müğənninin repertuarından nümunələr səsləndiriləcək. Gecədə Lev Leşşenko, Nikolay Baskov, EMİN, Aleksandr Panayotov, A`STUDİO, Tamara Qverdtsiteli, Dinara Əliyeva, Olqa Kormuxina, Larisa Dolina, Qleb Matveyçuk, Sergey Volçkov və başqaları çıxış edəcəklər.

Möhtəşəm konsertin televiziya versiyası Birinci kanalda yayımlanacaq.

“Crocus City Hall”un foyesində Müslüm Maqomayevin xatirə muzeyi fəaliyyət göstərir. Konsertə gələn tamaşaçılar burada görkəmli müğənninin şəxsi əşyaları, eləcə də Müslüm Maqomayevin çəkdiyi rəsmlər, konsert frakları, musiqi karyerası ərzində dünyanın müxtəlif ölkələrində təltif edildiyi mükafatlar və ailə arxivindən fotoşəkillərlə tanış ola biləcəklər.

Konsertin keçiriləcəyi yer təsadüfi seçilməyib. Belə ki, 2009-cu ilin oktyabrında Moskvada açılmış “Crocus City Hall”u Müslüm Maqomayevin dostu Araz Ağalarov dünya şöhrətli müğənninin şərəfinə inşa etdirib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə