“Jara-2017” Beynəlxalq Musiqi Festivalında nələr yaşandı? FOTOLAR

“Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlanıb. SİA-nın məlumatına görə, qırmızı xalıya əvvəlcə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni Emin övladları ilə birlikdə çıxıb. Daha sonra xalı üzərindən Anita Tsoy və başqa ifaçılar, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar.

Qırmızı xalıda Yuliya Lısenko və Slava Nikitin aparıcılıq ediblər.

“Jara-2017” Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və tamaşaçılara qala-konsert təqdim edilib. İlk olaraq EMİN, Ani Lorak və Valeriya “Bakıya qaçaq” mahnısını oxuyublar. Daha sonra EMİN və Qriqori Leps eyni səhnəni bölüşüblər. Onların ifaları hərarətlə qarşılanıb.

Sonra səhnəyə Valeriya, Emil Qədirov, Svetlana LOBODA, Timur Rodriges, Diana, Artur Pirajkov, Artik & Asti qrupu, Maks Barskix, Potap və Nastya, Azad Şabanov və başqaları çıxaraq 2017-ci ilin populyar hitlərini səsləndiriblər.

Festival iştirakçıları çıxışlarını başa vurduqdan sonra paytaxtımız, onun sakinləri, eləcə də mətbəximizlə bağlı təəssüratlarından danışıblar. Moskvanın sərin yayından sonra Bakının isti və mehriban qoynuna düşdüklərindən məmnunluqlarını ifadə edib, bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğulayıblar.

İyulun 28-də birinci hissədə qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş proqram təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Xatırladaq ki, festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı canlı izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə