Bakıda 500 musiqiçinin iştirakı ilə beynəlxalq festival başlayır

Günəşli Bakıya “Jara” gəlir. İyulun 27-dən 30-dək Bakıda – Xəzərin qumlu sahilindəki möhtəşəm “Sea Breeze Resort” istirahət mərkəzində 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bu böyük musiqi bayramının səhnəsini dünyaca məşhur Alla Puqaçova, Sofiya Rotaru, Filip Kirkorov, Nikolay Baskov, Layma Vaykule, EMİN, Qriqori Leps, Oleq Qazmanov və onlarla digər estrada ulduzu paylaşacaq.

Bakıda ikinci dəfə keçirilən festival geniş tamaşaçı auditoriyası toplayıb. Bu beynəlxalq festivala təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarları böyük maraq göstərirlər. Festivalın iştirakçıları və çoxsaylı qonaqları artıq Bakıdadırlar. Tamaşaçılar indidən “Jara”nın hərarətini hiss edir, bu musiqi bayramının həyəcanını yaşayırlar.

Festivalın proqramını bir daha xatırlatmaq yerinə düşər. Açılış günündə - iyulun 27-də səhnəyə Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATİK, “Vremya i Steklo”, EMİN, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.

İyulun 28-də Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqaları Sofiya Rotarunun ən yaxşı mahnılarını müasir tərzdə ifa edəcəklər.

İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək. Primadonnanın sevimli hitlərini müasir tərzdə və dəbli aranjimanda ən parlaq ulduzlar - Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları səsləndirəcəklər.

Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları maraqlı duetlər, məşhur hitlərin fərqli ifası, parlaq musiqi nömrələri gözləyir. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.

“Jara”nın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, aparıcıları isə Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.

Müsahibələrinin birində ötənilki “Jara”nın uğurunu xatırladan EMİN deyir: “Etiraf edim ki, “Jara”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir – mən indiyədək anlaya bilmirəm ki, bunların hamısı Nardaranda - Sea Breeze Resortda sığışaraq böyük uğurla televiziyada nümayiş olundu. “Jara-2016” həmkarlarım tərəfindən yaddaqalan oldu və artıq festival bitəndən sonra onlar məndən növbəti festivalın nə zaman keçiriləcəyini soruşaraq, öz konsert cədvəllərini ona uyğun tərtib etmək istədiklərini bildirdilər. Hamı Bakıya gəlmək istəyir və bu, çox xoş bir haldır. Bu gün artıq aydındır, biz elə bir brend yaratmışıq ki, o, özü ilə digər layihələri çəkib gətirir. Biz “Jara” musiqi kanalını işə saldıq və Rusiya ərazisində, bizim “VEGAS Krokus City” ticarət və əyləncə mərkəzində hər iki aydan bir artistlərin iştirakı ilə “VEGAS-da Jara” şousu keçirilir. “Jara” artıq sadəcə festival deyil, böyük musiqi platformasıdır”.

Emin Ağalarov bildirib ki, bu il festivalın fəxri qonaqları qismində “Jara-2017”yə xarici şou-biznesin tanınmış mütəxəssisləri də dəvət olunublar. Artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə Bakıya 500-dən çox qonaq gəlib. Bundan başqa, 100 nəfərə yaxın texniki heyət, mətbuat nümayəndələri və tərəfdaşlarımız da var. Hər gün festivalda 35-40 solo və duet nömrələr nümayiş olunacaq. Dörd gün ərzində xarici və Azərbaycan artistlərinin “Jara” üçün xüsusi olaraq hazırlanan 150-dən çox aranjiman, duet və müxtəlif kollaborasiyalar baxımından nadir çıxışlarının şahidi olacağıq. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.

Qeyd edək ki, hazırda çoxlu yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jara” musiqi aləmində həqiqətən əlamətdar hadisəyə çevrilib. Bu, Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və mühüm hadisəyə çevrilməklə yanaşı, həm də strateji tərəfdaşlar olan ölkələrimizin dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir.

Festivalın əhəmiyyəti təkcə bununla bitmir. Bu musiqi bayramı ölkəmizin iqtisadi həyatı üçün də önəmlidir. Əzəmətli musiqi bayramını izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmizdə turizm üçün yaradılmış şəraitlə də yaxından tanış olur, paytaxtımızın və regionlarımızın inkişafını öz gözləri ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından xüsusi önəm daşıyır.

“Jara”nın təşkilatçıları bildirirlər ki, əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil. Onlar göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə