İşçi Qrupunun ilk iclası keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, turizm sahəsində elmi tədqiqatların aparılması, digər ölkələrin təcrübəsindən yararlanmaqla turizm təhsili sektorunda yeni və təcrübəli əməkdaşlar üçün təlim modullarının müəyyən edilməsi, turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupu yaradılıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi ilə təşkil edilmiş İşçi Qrupunun ilk iclasında Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, habelə Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva turizmin inkişafında təhsilin əhəmiyyətini vurğulayıb və Azərbaycanda turizm sahəsi üzrə təhsilin mövcud vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verib.

Qeyd edilənlərdən əlavə toplantıda Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov tərəfindən təqdim edilən “Turizmlə bağlı nümunəvi peşə standartlarının, peşə standartı üzrə qiymətləndirmə nümunələrinin və turizm müəssisələri üçün nümunəvi təlim standartlarının tətbiqi haqqında” əmr və İşçi Qrupunun İş planının layihələri, həmçinin həyata keçirilməli digər cari məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri tərəfindən peşə təhsili istiqamətdə fəaliyyətin əlaqələndirilməsi, mövcud təhsil sisteminə yeni yanaşmaların tətbiqi, habelə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili ilə bağlı məsələlərin xüsusilə diqqətdə saxlanılmalı olduğu bildirilib.

İclasın yekununda iştirakçıların təklifləri nəzərə alınmaqla iş planının layihəsinin yenidən işlənilməsi, adıçəkilən əmr layihəsi ilə birlikdə əlaqədar qurumlarla razılaşdırılmaqla təsdiq edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə