Vilnüs UNESCO-nun "Romantik Avropa" marşrutuna daxil edilib

Vilnüs Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının – UNESCO-nun "Romantik Avropa" marşrutuna daxil edilib.

İyulun 14-də Litva Təsərrüfat Nazirliyində tematik Vilnüs marşrutunun yaradılmasında və inkişaf etdirilməsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu marşrut UNESCO-nun həyata keçirdiyi "Avropa İttifaqında dünya irsinin izləri ilə" layihəsinin tərkib hissəsi olacaq.

Litva təsərrüfat nazirinin müavini Ramunas Burokas deyib: "UNESCO Baltik ölkələrindən yalnız Litvanı Avropa ölkələrini birləşdirən "Romantik Avropa" marşrutunun bir hissəsi olmağa dəvət edib. Bu layihə ölkəni daha da məşhurlaşdırmaq üçün əhəmiyyətlidir. Vilnüsdə turistləri cəlbetmə mərkəzləri digər Avropa İttifaqı ölkələrindəki UNESCO obyektləri ilə birlikdə Çin və ABŞ kimi uzaq bazarlarda təbliğ ediləcək".

"Romantik Avropa" marşrutuna daha altı Aİ ölkəsi, o cümlədən Kipr, Belçika, Çexiya, Almaniya və Avstriya daxil edilib. UNESCO dörd tematik marşrutu – antik Avropa, krallar Avropası, romantik Avropa və yeraltı Avropa marşrutlarını inkişaf etdirmək niyyətindədir.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə