"Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə"

Bu gün R.Behbudov adına Mahnı Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan "Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə" adlı yarışmanın yekun konsertini keçirib. SİA-nın məlumatına görə, yarışmada iştirak edən ölkəmizin 8 uşaq evi və internat məktəbi Yaponiya, Britaniya, Türkiyə, Hindistan, Rusiya, ABŞ, Gürcüstan, Koreya dövlətlərini təmsil ediblər. Yarışma 6 nominasiya üzrə aparılıb:

1. Təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video çarxın) hazırlanması

2. Milli rəqs

3. Milli geyim

4. Kitab sərgiləri

5. Milli gəlinciklərin və ya aplikasiyasının hazırlanması

6. Nağıl qəhrəmanlarından bir və ya ikisinin təqdimatı

Bildirilib ki, tədbiri keçirməkdə məqsəd uşaqları dünya xalqlarının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlara tolerantlıq hissləri aşılamaqdan ibarət olub.

Münsiflər heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Respublika Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi, WEB texnologiyaları şöbəsinin müdiri Aydın Cəfərov, sənətşünasıq elmləri doktoru, professor Kübra Əliyeva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Reyhan Yusifqızı Şıxlinskaya daxildir.

Müsabiqədə Sumqayıt şəhər fars-ingilis dili təmayüllü internat məktəbi Türkiyəni, Zəngilan rayonu 4 saylı ümumi orta məktəbi Böyük Britaniyanı, SOS uşaq kəndi Yaponiyanı, A.Makarenko adına humanitar təmayüllü internat tipli gimnaziya Gürcüstanı, 2 saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi ABŞ-ı, Suraxanı rayonu 2 saylı uşaq evi Hindistanı, "Ümid yeri" uşaq yaşayış sığınacağı Koreyanı, Xətai rayonu 3 saylı uşaq evi isə Rusiyanı təmsil edib.

Yarışmanın qalibinə kubok, diplom və müxtəlif hədiyyələr, nominasiyalar üzrə qaliblərə isə diplom və hədiyyələr verilib.

Yekun konsetdə Respublika Xoreoqrafiya məktəbinin rəqs kollektivi "Azərbaycan suitası" rəqsi ilə iştirak edib, tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan "Heydər Əliyev və uşaqlar" adlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə