Siyasət xoruzu nə qədər banlasa da, sabahı açılmır

Vaxtilə rəhmətlik Əbülfəz Elçibəyin Əli Kərimli haqqında dediyi fikirlərini bir daha xatırlamağa dəyər: “Əli Kərimli mənim yox, millətin düşmənidir”, yaxud “Bu komsomolçudan hər şeyi gözləmək olar”...

Məhz bu reallıqdan çıxış edərək, xalq növbəti dəfə əmin oldu ki, AXCP sədri Ə. Kərimli iyrənc siyasət aparan və bunu özünün əsas mübarizə xətti seçən ünsür kimi tanınır. Çünki, təxribatçı və pozucu ünsür cəmiyyət üçün təhlükə mənbəyidir. Ə. Kərimli və ətrafı, daha dəqiq desək AXCP-“Milli Şura” cütlüyü ölkədə həyata keçirilən uğurlu islahatlara, inkişaf və tərəqqiyə qarşı sərsəm bəyanatlar səsləndirməklə, hətta növbədənkənar parlament seçkilərini öz ucuz təfəkkürləri ilə boykot edəcəkləri bəyanatlarını zorla ictimai rəyə sırımaqla özlərini xalqın qarşısında bir daha gülünc vəziyyətə saldılar. Çünki xalq amili deyilən reallıq bu gün Azərbaycanda gedən inkişaf proseslərini görür, ölkə başçısının əzmi, qətiyyəti və iradəsi sayəsində həyata keçirdiyi nəhəng islahatları birmənalı şəkildə dəstəkləyir! Bu baxımdan nə Ə.Kərimli, nə də onun yan-yörəsi özünün yarıtmaz siyasəti ilə xalqı öz mövqeyindən necə ki, əvvəllər də döndərə bilməyib, bundan sonra da döndərə bilməz.

Rədd olmaması qalsın bir yana, üstəlik ara-sıra xoruzlanıb-banlamağı da unutmur

Ümumiyyətlə, tükənmiş, bitmiş birinin hələ də siyasi gündəmdə qalması da istər-istəməz təəccüb doğurur. Hətta bəzən, siyasi-ictimai hadisələrlə maraqlanan, bilgiləri olan tanış-bilişlərim də sual edirlər ki, bəs bu nə məsələdir ki, Ə.Kərimli hələ də abır-həyasını bir küncə atmaqla ya sosial şəbəkələrdə bloqerlik edir, ya müxtəlif çağırışlar etməklə insanlara daxilindəki çirkabları sırımağa çalışır, məgər o hiss eləmirmi ki, xalq deyilən məfhumun onun adı gələndə dərhal ürəyi bulanır? Mən də qalıram çar-naçar və deyirəm ki, əgər bu fərddə azacıq da olsa abır-həya qalsaydı, çoxdan siyasi arenanı tərk edib, rədd olardı cəmiyyətin göz qarşısından. Amma rədd olmaması qalsın bir yana, üstəlik ara-sıra xoruzlanıb-banlamağı da unutmur. Nə deyəsən..? Bu “adamın” həqiqi cəhətdən adamlığı olsaydı, hər halda ölkədə gedən dolğun, məntiqli, dinamik və tərəqqi proseslərini dərk edərdi.

Bu onların, yəni AXCP-“Mili Şura” ciftinin “dönməz mübarizə metodudur”

Yeri gəlmişkən, hazırda boykotdan-zaddan dəm vuran bu siyasi buqələmun unutmamalıdır ki, hələ bir müddət əvvəl həbsdə olan “ReAl” partiyasının sədri İlqar Məmmədovla onun sosial şəbəkədə reytinq sorğusu keçirilmişdi və İ.Məmmədov Ə.Kərimlini kifayət qədər üstələyərək, sözün əsl mənasında altına salmışdı. İndi Ə.Kərimli boğazını yırta-yırta islahatlara, inkişafa və tərəqqiə qarşı sarsaq bir bəyanat yayır, adını da qoyur ki, bu onların, yəni AXCP-“Mili Şura” ciftinin “dönməz mübarizə metodudur” və s...

Nə deyək, qoy bunlar öz sarsaq və axmaq qərarları ilə özlərini millətə güldürməkdə davam etdirsinlər. Hətta bu kimi nə qədər çox qərarlar, bəyanatlar səsləndirsələr, bir o qədər cəmiyyət üçün yaxşı olacaq. Çünki Ə.Kərimlinin və ətrafının siyasət meydanını daha tez tərk edib, rədd olmaq imkanları bu vasitələr ilə daha da artacaq. Ona görə də, qoy bu siyasət xoruzu ürəyi istədiyi qədər banlasın. Onsuz da onun üçün heç vaxt sabah açılmayacaq...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə