Deyir utanmasan, oynamağa nə var? Yaxşı deyimdi, vallah. İnsan nə qədər utanmaz olmalıdı ki, səksənində lambada oynasın. Vallah, Əli İnsanovun bu günlərdə yeni partiya (daha doğrusu, revanş qrupu) yaratmasını eşidəndə, istər-istəməz bu məşhur deyim düşdü yadıma. "Nədəni"ni mən bala-bala xırdalayım, oxucum da baxıb görsün haqlıyam, ya yox?

Yadımdadı, Ə.İnsanov təzəcə səhiyyə naziri təyin edilmişdi. Özünün qeyri-adi müalicə üsulu ilə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının diqqətini çəkən bir həkim dostuma əvvəlki səhiyyə naziri tərəfindən xüsusi əmrlə təcrübəsini yaymaq üçün verilmiş bir laboratoriyanın bağlandığını və həmin həkim dostum da başda olmaqla, bütün işçilərin azad edildiyini eşitdim. Dərhal həmin həkim dostumla görüşüb, məsələnin nə yerdə olduğunu öyrənmək istədim.

Məlum oldu ki, həmin qeyri-adi müalicə üsulu ilə dünyanın diqqətini çəkən loğman-həkimdən hər ay nazirə vermək üçün nə az - nə çox, 3000 dollar tələb edilib. O da bu pulu verə bilməyəcəyini deyib. Nəticədə, laboratoriya nazirin (yəni indi haqq-ədalət partiyası yaradan Əli İnsanovun) əmri ilə bağlanıb. Bir fakt da deyəcəm. Azərbaycanın görkəmli alimləri bir araya gəlib Naftalan neftinin tullantısından çox xəstəliklərə dərman ola biləcək bir məhlul hazırlayıblar. Rusiya, Qazaxıstan və digər bir neçə ölkə bu məhlulun əhəmiyyətini anlayıb, ona sertifikat vermişdilər ki, istehsal olunsun, onlar bu məhlulu almağa hazırdılar. Ancaq məhlulun istehsalına icazə verilməli idi ki, hazırlanıb bazara çıxarılsın. Di gəl, səhyyə naziri, yəni həmin Ə.İnsanov bu icazəni vermədi ki, vermədi. Səkkiz il qapısını kəsdirdilər, dost-tanışı xahişə göndərdilər, zalım oğlu, yumşalmadı ki, yumşalmadı. 100 000 dollar istədi ki, bu icazəyə imza atsın.

Bunlar mənim, tibb sahəsi ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmayan birinin bildiyi onlarla faktdan ikisidir. Əminəm ki, ölkəmizdə bu adamcığazın bu və buna bənzər minlərlə əməllərini bilən on minlərlə insan var. Hələ həbsi zamanı evindən, bağından çıxan qızıllardan, daş-qaşlardan danışmıram, çünki bu, milyonların gözləri qarşısında baş vermişdi. Həm dövlətin, həm insanların qanını soran birisinin, bu gün çıxıb haqq və ədalət adı ilə partiya yaratması, məni qınamayın, riyakarlığın və utanmazlığın son həddidir. Sənin kimliyini yaxşı tanıyan, dabbaqda gönünə bələd olan milyonlarla insanın qarşısına çıxıb, "mən haqqı, ədaləti bərpa(???) etmək istəyirəm" deməsini başqa cür mənalandırmaq, sadəcə, mümkün deyil.

Yəni bu İnsanov soyadlı insan ağlını o qədərmi itirib ki, (ola bilər, axı yaşı 80-i haqlayıb...) özü öz əməllərini yaddan çıxarsın və güman etsin ki, milyonlar da onun əməllərini yaddan çıxarıb? Bu addım doğrudan da, onun qocalığının bariz göstəricisidir, ya da... Bax əsas məsələ də bu ikinci "ya"dadı. Həbsdən çıxandan sonra, vaxtilə onu addımbaşı təhqir edən (elə həm də ozünün təhqir etdiyi) siyasət dəllalları bu pullu akademikin kapitalından yararlanmaq üçün yüyürdülər üstünə. Şübhəsiz, onu qızışdırdılar ki, sən çox gümrahsan, sən hələ çox işlər görə bilərsən və s. Bu zavallı da onların küyünə gedib, girdi siyasət meydanına (üzr istəyirəm, siyasət bazarına demək istəyirdim). Nəticədə, özünə necə vuruldusa, hətta partiya yaratmağa qərar verdi. Bircə onu anlamıram ki, indi bağlı qapılar arxasında əsib-coşan bu qoca siyasət dəllalı seçkilərdə millətin qabağına çıxmalı olsa, onda necə olacaq? Axı yağan yağışlar çatlaqları örtə bilməyib!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...