Çətin yazıdır. Həm də ona görə ki, qardaş Türkiyə üçün tarixinin ən həssas, ən çətin dövrüdür. Türkiyə, demək olar ki, Osmanlı İmperiyasından bəri heç zaman bu dərəcədə "ölüm-qalım", var olmaq və silinmək, qürurunu dünyaya bəyan etmək kimi sınaq və şans qarşısında qalmamışdı. Bəli, bu mərhələ Türkiyə üçün həm də özünü bütün dünyada təsdiq etmək kimi çətin imtahan və ŞANS olaraq tarixə keçdi. Türkiyə, müsəlman aləminin lideri olaraq, bütün dünyaya İNSANLIQ və QÜRUR DƏRSİ keçdi! Açıqdan-açığa belədir. Dəli Trampın Ağ Evdən başlayan tərbiyəsiz və hədsiz hədələri Türkiyənin regiondakı antiterror əməliyyatına milçək vızıltısı qədər də təsir etmədi. Az qala yüz illərdir bu bölgədə terror qruplaşmalarına "atalıq" edən, başda Ağ Ev olmaqla, Fransa, Almaniya, və başqa Qərb dövlətləri əsl üzlərini ortaya qoydular. ABŞ-la yanaşı, həm də Avropadakı dövlətlərin terror maskaları da param-parça oldu. Avropa, bütün diplomatik qaydalara tüpürərək, terrora olan dəstəyini açıqdan-açığa ortaya qoydu. Açıqdan-açığa!

Türkiyə isə, artıq elə bir mərhələyə gəlmişdi ki, qulağının dibində açıq-aşkar terrorçu dövlət yaradılırdı və ABŞ bunu nümayişkaranə tərzdə ortaya qoyurdu. Türkiyə ya açıq hərəkətə keçib üstünü alan terror buludunu dağıtmalı idi, ya da əzablı mərhələyə razılaşmalı idi. Ərdoğan birincini seçdi.

Ən dəhşətlisi isə, avropalı siyasi liderlərin ortaya qoyduqları mövqe oldu. Yaxın 3-4 il ərzində terrordan olmazın əzabını çəkən "mədəni Avropa", bir andaca siyasi simasını bozardaraq, daima Yaxın Şərqdə öz maraqları üçün faydalandığı PKK-YPDG qruplaşması üçün "ana" olmağa başladı. Əməllicə, gün kimi ortaya çıxdı ki, Yaxın Şərqdəki bir çox terror layihələrinin arxasında duranlar, məhz Avropa dövlətləridir. Burdan qazandıqları nədir? İqtisadi və siyasi dividendlər, neft qaçaqmalçılığı, geostrateji maraqlar. Onlar mənfəətsiz bircə qəpik də xərcləməzlər terrorçulara. Təsəvvür edin ki, həyasız Almaniya kanslerindən başlamış, Trampın Avropadakı "siyasi maçionetkası" olaraq tanınan Emmanuel Makrona qədər, bir çoxları, Türkiyə və müsəlman düşmənçiliyini açıq şəkildə ortaya qoyaraq, terrorçulara min illik "atalıq qayğısını" işə saldılar. Avropada Rəcəb Tayyib Ərdoğana "hürməyən" siyasətçi qalmadı. Türkiyənin kürd terror qruplaşmalarına qarşı başladığı təmizləmə siyasəti, bu regionda müsəlmanlara qarşı terrordan "qidalanan" Avropa siyasətçilərini, sözün əsl mənasında, dəlisov buzova çevirmişdi.

Və ən dəhşətlisi, bilirsiniz, nədir? Şəxsən R.T.Ərdoğanın daima ən uca kürsülərdən keçmiş İsrail Prezidenti Şimon Peresdən tutmuş hazırkı Netanyahuya qədər hər kəslə açıq şəkildə savaşdığı Fələstin dövləti, xüsusilə, ərəb dövlətləri əsl xəyanət üzünü göstərdilər. Uctandutma hamısı "Barış Pınarı" sülh əməliyyatına qarşı çıxdılar. Açıqdan-açığa qorxdular türkün artan gücündən. ərəbin arxadan zərbə endirməsi qədər təhlükəlisi yoxdur...

Lakin qürur duyulacaq bir məqam var: Türkiyənin sükanı arxasında dünyanın sayğı ilə qarşıladığı xarizmatik Ərdoğan dayanıb! Bu, sadəcə, tarixi bir faktdır. Ərdoğana simpatiyası olan və olmayan, onu bəyənib-bəyənməyən, hətta diktator adlandıran hər kəsin səssiz razılaşacağı bir düstur var: O xarizmatik liderdir. Vəssalam!

Elə işin də əsli burdadır. Əgər Türkiyənin Prezidenti hansısa müxalifət liderlərindən biri olsaydı, qəti əminəm ki, rəsmi Ankara dəlisov D.Trampa qarşı bu səviyyədə sinə gərə bilməyəcəkdi. Gerçəkdən Türkiyə təkcə terrorçu kürd qruplaşmalarını təmizləmədi, həm də bir dövlət olaraq, üzərinə qonmuş beynəlxalq "toz-torpağı" da üzərindən atmış oldu. Müsəlman qanına susamış Avropadakı neofaşist siyasətçi təbəqəsi, ABŞ-ın vitse-prezidentinin və dövlət katibinin tez-tələsik Ankaraya, Ərdoğanın ayağına yürümələrini heç cürə həzm edə bilmir. Hə, o başqa məsələ ki, Ərdoğan bir gün əvvəl ona təhqir və hədə dolu məktub göndərən ABŞ prezidentinə "Ərdoğan əsl liderdir. O milyonlarla insanın həyatını qurtardı. O, mənim dostumdur" cümləsini nəyin müqabilində dedizdirə bildi. Bunun səbəbi, yəqin ki, bizim heç vaxt öyrənə bilməyəcəyimiz dərin sirdir.

Yorğun və gərgin Ərdoğan gerçəkdən Türkiyə üçün tarixin ən ağır yükünü, mənim fikrimcə, uğurla daşıyır. Regionda daşları yerindən oynatmaq, Moskva və Vaşinqtonla kəllə-kəlləyə gəlmək, onları yeni oyun qaydalarına məcbur etmək ərənlik istəyir. Ərdoğan bu gün Soçiyə gedir. Çünki kürd terror qruplaşmasının sahibləri təkcə Ağ Evdə oturmur. Başqa bir dahi də Kremldə oturur. Hələ, üstəlik, keçən əsrdə daima Türkiyəyə qarşı mənfi mövqeyi olan Hafiz Əsədin oğlu Bəşərlə bağlı məsələləri də Moskva ilə həll etmək lazım gələcək. Çünki onun "ipi" Kreml qapılarında bağlanıb. Gərgin qrafikdir, çətin əməliyyatdır.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə