Nikol Paşinyan tarixin zibilliyinə atılacaq

Ermənistanın siyasi səhnəsində baş verən hadisələr dünyanın və beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Hərçənd, hadisələrin gedişi elə təəssürat bağışlayır ki, guya dünya dövlətləri erməni hiyləsinə aldanıb. Guya ki, bütün dünya ictimaiyyəti qonşu dövlətlərin torpaqlarına, qonşu xalqların mədəniyyətinə, hətta mətbəxinə belə əsrlər boyu göz dikən, onları mənimsəməyə çalışan erməni xislətindən xəbərsizdir. Etiraf edilməlidir ki, bu, mümkün deyil və ən yaxın dövrlərə qədərki saxtalaşdırılmış erməni tarixi belə, oradakı faktlar belə bu xəbərsizliyi təkzib edir və təcavüzkar dövlətin işğalçılıq siyasəti barədə məlumatsızlıq, sadəcə, mümkün deyil.

Doğrudur, bir çox beynəlxalq təşkilatların təcavüzkar dövlətin Azərbaycanın ərazisini işğal etməsi, soyqırımlar törətməsi, Xocalı kimi faciəyə imza atması, qaçqın və məcburi köçkünləri yurd-yuvalarından didərgin salması, Azərbaycan ərazilərində mədəni abidələri, tikililəri məhv etməsi kimi faktlara da göz yumduğu, müşahidəçi mövqe sərgilədiyi günün reallığıdır. Bunun da həmin təşkilatların ikili standarlar tətbiq etməsi, beynəlxalq hüquqa hörmətsizliyi, beynəlxalq norma və prinspləri kobud şəkildə pozması kimi sadə bir izahı, aşkar bir açıqlaması var. Bu, o demək deyil ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq, qəsbkar siyasətindən xəbərsizdir və Ermənistan rəhbərliyinin əsl simasını tanımır. Əsla, belə deyil. Çünki Ermənistanın öz mediası belə bəzi "simaların" maskalarını cırmaqda davam edir. Ona görə davam edir ki, bu cırılan maskalar bitib-tükənmir və hər an yeni-yeni maskaların cırılması, "simaların" iç üzünün açılması üçün yetərincə faktlar və arqumentlər tapılır.

Tarix boyu erməni saxtakarlığı bir tərəfə, son dövrdə Ermənistanın siyasi səhnəsinin utanmazlıqla və həyasızcasına təhrif edilməsi heç də sirr deyil. Ola bilsin, bir vaxtlar, məsələn, Nikol Paşinyan kimi tanınan küçə nümayişçisinin

baş nazir kürsüsünü yenicə ələ keçirdiyi dövrdə təhrif edilmə faktı sirr ola bilərdi. Amma zaman keçdikcə, hər kəsə bəlli oldu ki, Ermənistanda demokratiya adında bir şey yoxdu və heç olmayıb da. Etiraz aksiyalarının, mitinqlərin, xalq hərəkatı kimi görünən idarəedilməz, şüursuz kütlənin imkanlarından sui-istifadə edilməsi, sadəcə, bir nümayişçinin xarici havadarlarının istəyi, ssenarisi, köməyi və dəstəyi ilə hakimiyyət çevrilişi sayəsində hakimiyyət postunu ələ keçirməsi niyyətinin gerçəkləşməsi, nümayişlərdə demokratiya, insan haqq və hüquqları kimi çağırışlar isə, bu zəbt faktına demokratik don geyindirilməsi üçün lazım idi.

Hazırda baş nazir Nikol Paşinyanın məntiqsiz, şüursuz fəaliyyəti, qanunsuzluqlara, özü də məhkəmə orqanlarına qarşı qanunsuzluqlara rəvac verdiyi, repressiyalar tətbiq etdiyi Ermənistan mediasında da öz əksini tapır və erməni KİV-ləri onun uyğunsuz hərəkətlərini açıq-aşkar şəkildə işıqlandırır. Doğrudur, hakimiyyətə yaxın, bu qondarma hakimiyyətin tabeçiliyində və təsiri altında olan mətbuat səhifələri bu səriştəsiz baş nazirin səhvlərini, qanunsuz hərəkətlərini, düşünülməmiş axmaq qərarlarını ört-basdır etməyə çalışır, amma qalan bütün mətbu orqanlar, nəşrlər- bütün bunlar haqqında, mütəmadi olaraq, yazılar dərc edir.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, ardınca da Ermənistanın polis rəisinin istefası ölkədə nəzərəçarpacaq dərəcədə rezonansa səbəb olub. Ən maraqlısı və əhali arasında diqqətə səbəb olan istefaların fonunda "zabit şərəfi" ifadələrinin, mütəmadi olaraq, işlənilməsidir. Hər istefaya göndərilən məmur öz istefası barədə danışarkən, "zabit şərəfi" ifadəsini, təbii ki, əbəs yerə işlətməyib. Görəsən, erməni baş nazir öz məmurlarına hansı tapşırıqlar, daha doğrusu, şərəfsizliyə səbəb olacaq hansı əmrlər verib ki, bu tapşırıqlardan, əmrlərdən məmurlar "zabit şərəfini" qorumaları üçün imtina ediblər?

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, istefaya göndərilən Artur Vanesyan son açıqlamasında, hətta Nikol Paşinyana hədə də kəlib. Vanesyan hansısa məqamları açıb danışacağı ilə baş naziri hədələyib.

Hətta onun adamlarının vaxtaşırı Vanesyana yaxınlaşaraq, ondan bir az da susmasını istədiklərini də gizlətməyib. Əlbəttə ki, bu adamların baş nazir tərəfindən göndərildiyinin əksini heç kim iddia edə bilməz və heç şübhəsiz ki, Vanesyanın susmasını şəxsən baş nazir özü istəyir. Belə olan təqdirdə, maraqlıdır, Vanesyanın susması Paşinyan üçün niyə belə çox vacibdir? Yaxud Nikol Paşinyan niyə Vanesyanın susmasını istəyir? Görəsən, Vanesyan, özü də milli təhlükəsizlik xidmətində rəhbər işləmiş bir şəxs Paşinyan barədə hansı məlumatlara sahibdir ki, onun danışması Paşinyanı bu qədər narahat edir?

Bəli, erməni baş nazir çox narahatdır və narahat olmaqda da haqlıdır. Çünki erməni cəmiyyəti onun əsl üzünü, əsl simasını ən qısa zamanda görüb. Populist çıxışlarını, yalançı vədlərini, hakimiyyətə gələndən sonra demokratiyaya, insan haqlarına dırnaqarası baxmağını, hətta bu haqq və hüquqları kobudcasına pozmasını, repressiyalarını, yaratdığı diktaturanı da görüb və şahid olub ki, Nikol Paşinyan əsl fırıldaqçı və hakimiyyət naminə bütün dəyərləri satan, ayaqlar altına atan avantüristdir. Bu küçə nümayişçisinin əsl manipulyator olduğu da indi heç kim üçün sirr deyil və erməni cəmiyyəti onun bütün yalançı və əsassız vədlərinin, populist çıxışlarının kütlənin aldadılmasına hesablandığını çox yaxşı başa düşür. Elə buna görə də, onun kütlə arasında nüfuzu sıfıra enib və əbəs yerə deyil ki, bir vaxtlar hər narazılığı fonunda küçə nümayişlərini, idaəredilməz kütləni silah kimi istifadə edən küçə nümayişçisi baş nazir kürsüsünü zəbt etdikdən qısa müddət sonra ancaq polisin və güc strukturlarının gücündən istifadə etməyə çalışır ki, bu yolla hakimiyyətini qorusun. Onun milli təhlükəsizlik xidmərinin rəhbəri Artur Vanesyan və Ermənistan polisinin rəisi Valeri Osipyan qarşısında tələblər qoyması, bu tələblərdən imtina edildiyi təqdirdə, istefaya göndərməsi də əbəs yerə və təsadüfi deyil. Görünür, baş nazir öz kürsüsünü qorumaq üçün hər iki güc strukturlarından "kömək" umub", lakin bunun əksi ilə qarşılaşdıqda öz "dərisini qorumaq" naminə onlardan, öz yaxın ətrafındakılardan, hətta Osipyan kimi küçə nümayişlərindəki inqlabçı yoldaşından belə imtina edib və onları güdaza vermək üçün gözünü belə qırpmayıb.

Erməni cəmiyyəti, bir vaxtlar aldadaraq küçələrə yığdığı kütlə arasında zərrə qədər nüfuzu, etibarı qalmayan Paşinyanın narahatlığı özünü təkcə Ermənistanda büruzə vermir. İndi də baş nazir ölkə hüdudlarından kənara baş vurmalı olub və bu dəfə məqsədi hələ aldanmamış erməni əsilliləri aldatmaqdır. Bu dəfə Nikol Los-Ancelesə üz tutub və min bir hiylə ilə oradakı bütün erməni əsilliləri bir araya yığa bilib. Hətta onlar qarşısında şərt qoymaq kimi bir iddiaya da düşüb. Erməni baş nazir Ermənistandan kənarda yaşayan bütün ermənilərə səslənib və onların da Ermənistandakı bütün ermənilər kimi, ən azından, ildə bir neçə dəfə ölkə daxilində olmaları tələbi ilə çıxış edib. İndi bu çıxışa, bu tələbə nə ad vermək olar? Baş nazirin bu nitqi manipulyasiya etmək deyil, bəs nədir? Görəsən, indi bu avantüristin könlündən nə keçir? İndi kimləri alət etmək istəyir? Əlbəttə ki, Los-Ancelesdəki erməniləri. Axı bu avantüristin öz ölkəsinə zərrə qədər gümanı qalmayıb. Axı, indi onun xaricdəki ermənilərdən istifadə etməkdən savayı başqa bir hiyləgər yolu yoxdur.

Təsadüfi deyil ki, erməni politoloqlarından tutmuş, istefaya göndərdiyi əqidədaşına qədər hər kəs onun bu hiyləgərliyini, xaricdəki erməni əsilliləri də öz oyunana alət etmək arzusunu yaxşı başa düşür. Vanesyan baş nazirin Los-Ancelesdə işgüzar görüşü zamanı işlətdiyi ifadələrə münasibət bildirərkən, haqlı olaraq, onu bilməməzlikdə, qanmamazlıqda ittiham edib və xüsusilə, vurğulayıb ki, Paşinyan bilmədikləri, anlamadıqları şeylər barədə danışır. O, xüsusilə, qeyd edib ki, Paşinyan ictimai əhval-ruhiyyəyə, davamlı olaraq təsir göstərməyə çalışır və bu məqamda isə, sözlərinin nəticələri barədə belə düşünmür. Artur Vanesyan, haqlı olaraq, çəkinmədən və açıq şəkildə Paşinyanı cəmiyyəti yanlışlığa sürükləməkdə və ictimaiyyəti azdırmaqda ittiham edir. "Bir vaxt zibillikdə kimin və nəyin olacağını zaman özü göstərəcək" deməklə isə, aydın şəkildə bəyan edir ki, yaxın vaxtlarda cəmiyyət Nikol Paşinyanı tarixin zibilliyinə atacaq.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə