Rüşvət haqqında çox deyilib, çox yazılıb. Bu barədə təzə nəsə demək, sadəcə, mümkün deyil. Amma bəzi müxalif qüvvələrin son zamanlar bu mövzunu züsusi qabartmasını sezdiyimdən, yenidən bu mövzuya müraciət etməyə içimdə bir ehtiyac duydum. Mən az-çox dünyanın tarixindən xəbərdar olan biri olaraq, gəldiyim qənaət ondan ibarətdir ki, dünya binə olandan bəri rüşvət hər zaman olub, bu gün də var, sabah da olacaq. Hələ dünyanın ən qədim mədəniyyətinin yaradıcıları kimi qəbul edilən, türk xalqlarının ulu babaları olduğu dünya tarixçiləri tərəfindən etiraf olunan şumerlərin yazılarında rüşvətin elementlərinə rast gəlinir. Yazılardan birində oğluna yaxşı bilik öyrətməsi üçün onun müəlliminə üzük bağışlayan salnaməçinin yazısı bunu deməyə əsas verir. Yaxud ikinci minilliyin ortalarında böyük şair Məhəmməd Füzulinin "Salam verdim, rüşvət deyildi deyə almadılar" ("Şikayətnamə" mənsur əsərindən) yazması bu bəşəri problemin o zaman da mühüm rol oynadığını göstərir. Sadəcə, son əsrlərdə cəmiyyətlərin, toplumların yeni baxışlara malik olmasından sonra rüşvət ümumi inkişafa əngəl törədən bir bəla kimi qəbul edilmiş və nəticədə inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə iqtidarlar da, cəmiyyət də bu bəla ilə barışmazlıq nümayiş etdirirlər. Oxucum elə hesab etməsin ki, bu fikirləri yazmaqla mən rüşvətin mövcudluğunu normal hal kimi qəbul edirəm. Əsla! Sadəcə olaraq, mənə qəribə gələn odur ki, hər kəs əlini qoynuna qoyub, yalnız iqtidarın bu bəlaya qarşı mübarizə aparmasını istəyir, amma işinin xatirinə, lazım gələndə, rüşvət verməkdən də çəkinmir. İş o yerə qalıb ki, xaricdəki maraqlı dairələrdən milyonlarla rüşvət (bəli, məhz rüşvət) alıb vətəndaşı olduğu ölkəyə çamır atmaqla, ölkəni xaosa sürükləməyə can atan, hamının tanıdığı bəzi "radikal müxalifət" adlanan siyasət dəllalları da hakimiyyəti ən çox rüşvətxorluğun qarşısını ala bilməməkdə suçlayırlar. Yadımdadı, gənclik illərimdə, Sovetlər dönəmində rayonda bir mağaza satıcısını mühakimə edirdilər ki, vətəndaşdan 90 qəpik artıq pul alıb. Zavallı satıcı, məhkəmənin gedişində dözməyib dedi ki, ay möhtərəm hakim, mənə 90 qəpiyə görə prokuror beş il iş tələb edir. Bəs mənim işimi yüngülləşdirmək üçün müstəntiqin, prokurorun məndən aldığı on min manatın cəzasını kim verəcək? Dediyim odur ki, əlilərdən, cəmillərdən və onlara bənzəyən digərlərindən fərqli olaraq, rüşvətin əleyhinə o adam danışa, mübarizə apara bilər ki, o özü bu bəladan uzaq olsun. Nə qədər ki, hər kəs özü-özlüyündə rüşvətin iyrəncliyini qəbul etməyəcək, nə qədər ki, rüşvətin sadəcə ayrı-ayrı insanlar üçün deyil, ümumən cəmiyyət üçün, milli və dövlətçilik mənafeləri üçün qorxulu bir bəla olduğunu anlamayacaq, rüşvət alanlar da olacaq, rüşvət verənlər də. Çar Rusiyasından, sonrakı dönəmdə isə, Sovetlər birliyindən miras qalan dövlət səviyyəsində rüşvətin məqsədyönlü leqallaşdırılmasından sonra, müstəqillik dövründə hələ də onun, məhz dövlət maraqlarına xidmət etdiyini düşünənlər, sadəcə, "ASAN xidmət"i, son illərdə ölkədə aparılan idarəetmə sistemindəki islahatları gözləri önünə gətirsinlər. Bizə düşən isə, bu mübarizədə dövlətin və indiki iqtidarın yanında olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistin sualını cavablandırarkən, verdiyi bir cavabı xatırlatmaqla, bugünkü söhbətimə yekun vururam: "Rüşvət, korrupsiya elə bir bəladır ki, ona qarşı təkcə Prezident və onun komandasının mübarizə aparması yetərli deyil. Gərək cəmiyyət, hər bir vətəndaş bu mübarizədə iştrak etsin ki, dövlət də istəyini reallaşdıra bilsin!" Bu, dövlətin, iqtidarın mövqeyidir. Bəs özünü "radikal müxalifət" (?) adlandırıb, iqtidarın korrupsiyaya qurşandığına görə uzaqlaşdırdığı eks-məmurlarla birləşib, ölkənin inkişafına əngəl olmağa çalışanların mövqeyi? Bax, mövzu ilə bağlı üzərində düşünməli olduğumuz ən vacib sual budur!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə