Hər şeyin bazlığını görmüşdük, amma mitinbazlıq məsələsində bir azca tərəddüdlər var idi ki, o tərəddüd də son anda yoxa çıxdı. İstər küçə, istər tin, istər baca, istər dam, istər ənənəvi, istərsə də qeyri-mənəvi kimi çoxsaylı quyruqlara malik olan Əli Kərimlinin AXCP-si və onun zurnası ilə atlanıb-düşən “Milli Şura”sı birbaşa mitinqbazlar yığnağından ibarətdir. Bu yığnağın yeganə həvəsləri nədənsə mikrofona bağırmaq, baş əsdirib-filan yerinə zor-güc salmaq, haray-şivənçilik üzərində populist siyasət yürütmək üzərində cəmləşib. Görünür, yayın cırraması özünü payızın sərininə təslim etdikdən sonra, Ə.Kərimlinin mitinqbazlıq ehtirası yenidən baş qaldırıb. Nə etsin binəva, hakimiyyətə yiyələnə bilməmək dərdi bir tərəfdən, digər ambisiyalarının reallaşmaması da o biri tərəfdən onu üzüb-tükəndirib. Heç blogerlik fəaliyyəti də onun dadına-zadına çatmır ki, çatmır. Üstəlik, sosial şəbəkələrdə bir adama az qala 50 dənə profili olan trolları da nə qədər özlərini ülgücləyib, üz-gözlərini cırıq-cırıq eləsələr belə, bir qələt edə bilmirlər. Ona görə də Kərimlinin ümidi qalır bircə mitinqə. Amma gəl-gör onun mitinqlərinə səs verənlər tapılırmı? Bircə dəfə sözdə “ümumüxalifət mitinqi” keçirdilər o da fıs çıxdı. Hətta həmin mitinqə qatılan REAL partiyasının sədri İlqar Məmmədov, sonradan “AXH” adlı təşkilat təsis edən və sonda ürəyi parçalana-parçalana həmin təşkilatın parçalanmasına tamaşa edən İsgəndər Həmidov sonradan ondan üz döndərdilər. Çünki gördülər ki, Ə.Kərimli elə həmin Ə.Kərimlidir, ömründə bunların maraqlarından çıxıb-eləməz, üstəlik imkan düşdükcə əzib-tapdayar bunları.

Hələ birini qoyum, o birini də deyim. Demək, Qənimət Zahidin canlı yayımlarına qatılan “siyasi mühacirlər” həmdən-həmə çənə qırsalar da, Kərimlinin trolları dəmdən-dəmə şərhləri ilə demək olar ki, hər gün eyni bolşeviksayağı şüarlarını şərh bölümlərinə yazırlar – “yaşasın Əli bəy”, “mitinq... mitinq ”, “küçələrə çıxaq”, “inqilab qapıdadır” və s. əttökən statusları ilə... Nə bir normal siyasi təfəkkür, nə səlis polemika, nə də doğru-dürsüt siyasi bilgi. Hər şey illər öncə olduğu kimi – hoydu-hoydu, qoyma yıxdı...

Yəni Qənimət Zahidin əqrəbləri erməni cinahına işləyən “Azərbaycan saatı” da Kərimliyə dərman olmur. Ona görə də, axecepeçilərin sədrinin mitinqbazlıq şakəri vurub-çıxıb kəlləçarxa və həmin yöndə sürünməyə davam edir. Amma öz aramızdır, bu mitinqbazlıq nə zaddırsa, bu dəfə 100 % onun axırına çıxacaq...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...