Məni çox düşündürür ki, bu Avropanın bəzi-bəzi siyasiləri, bəzi-bəzi siyasiləşmiş QHT-ləri və bəzi-bəzi mediya qurumları nədən Azərbaycana bu qədər aqressiv münasibətdə bulunurlar? Oxucum dərhal deyəcək ki, erməni diasporasının təsirindən çıxa bilmədiklərinə görə. Burası bəllidi. Amma məncə, hayların diasporası bu qədər güclü ola bilməz ki, açıq-aşkar həqiqətləri dünyanın fövqəldövlətlərinə dandıra bilsinlər. Qandıqlarına rəğmən, bu fövqəlgüclər haqqı danırlarsa, bunu təkcə beş-üç dığanın fəaliyyəti kimi başa düşmək, zənnimcə, yanlışdı.

Budəfəki söhbətimizi də elə bu mövzuya həsr eləmək istəyirəm: axı, Avropa bizdən nə istəyir ki, onu almaq üçün bu qədər beynəlxalq və bəşəri haqqı ayaq altına almaqdan belə çəkinmir? Neft və qaz istəyirdilər, kəmər inşa elədik. Rusiyadan kənar yol arzusunda idi, onu da reallaşdırdıq. Belədə Avropanın başqa hansı istəyi var ki, onu da reallaşdıraq? Demokratiya? Söz azadlığı? İnsan hüquqları? Bəlkə bizim ölkədə insan hüquqları Fransadan, İtaliyadan, İspaniyadan, daha bilmirəm, hansı ölkələrdən az qorunur? İnformatika əsrində, bütün ölkələrdə baş verənlərdən hər kəsin evindəcə xəbər tuta bildiyi bir zamanda, Avropada pozulan hüquqları görməzdən gəlib, bizdən daha irəli gedən demokratiya tələb olunması absurd deyilmi? Elə isə bu demokratiya "ixracı"nda Qərbin məqsədi nədir, görəsən? Özündə olmayanı başqa ölkədən tələb etmək, əslində, boş kanteynerləri hansısa alıcı ölkəyə ixrac etməyə bənzəmirmi?
Yazıq oxucu! O qədər suallar verdim ki, bilməyəcək hansına cavab versin. Əslində, bu sualların cavabları da məlumdur. Hamısının bir cavabı var: Avropa gücləri Osmanlı, ardınca isə Sovetlər Birliyi təsirindən qurtulduqdan sonra, fürsəti fövtə verməyib, dünyanı öz təsiri altına almağa can atır. Bunun üçün də Avropa ilə Asiyanın qovşağında qərarlaşan, gün-gündən inkişaf edən, hərbi, siyasi və iqtisadi baxımdan, əksər Avropa və Asiya ölkələrini geridə qoyan Azərbaycana təzyiqi gücləndirmək, onun inkişafına əngəl olmaq, təsir dairəsinə salıb müstəqil xarici siyasət kursunun istiqamətini dəyişib qərbyönümlü siyasi kursa məcbur etmək! İndi də 150-200 il əvvəlki zaman deyil ki, hərbi gücünü işə salıb Azərbaycanı zorla özünə tabe elətdirib, vassalına çevirsin. İndi XXI əsrdir. Təsir altına salmaq istədiyin ölkəyə iqtisadi sanksiyalarla, informasiya hücumları ilə, nəhayət "demokratiya" oyunları ilə təzyiq göstərib, tabe olmaq məcburiyyəti qarşısında qoymaq ən optimal variantdır. Bu baxımdan, artıq püxtələşən Avropa bütün gücü ilə Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Burası aydın oldu. O da aydındır ki, bu məqsədini reallaşdırmaq üçün Qərb əzəli və əbədi düşmənimizdən - ermənilərdən istifadə edir. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı bir silah kimi dığalar toplumunu əlində möhkəm-möhkəm tutan Qərb erməni yalanlarını həqiqət kimi gözlərə dürtməyə can atır, amma Azərbaycan və Türkiyə gerçəklərini görməzdən gəlir. Yuxarıda dediklərimi təkrarlamağa ehtiyac görmürəm və həmin dediklərimdən Qərbin bu siyasətində məqsədinin nədən ibarət olduğu aydın olur. Nəhayət, aydın olmayan bircə odur ki, bizimlə eyni millətdən olan, bizimlə eyni havanı udub, eyni suyu içən bəzi dığakimilər bu həqiqəti dərk emirlər, yoxsa avro, dollar gözlərini tutub və açıb görmək istəmirlər? Oturub oyun quranların qucağında, ölkəsinə qara yaxan, ölkəsinin siyasilərini təhqir edən, şər-böhtan dolu "Makedoniyalı İskəndər tütəyi"ni püfləməkdən zövq alan buqələmunlar, haçansa əməllərinin ümumən Azərbaycan dövlətçiliyinə, milli mənafelərimizə vurduğu zərbəni hesablayacaqlarmı? Daha doğrusu, hesablamağa gücü çatan bir komputer tapa biləcəklərmi?
Yenə suallarla oxucunu yordum. Amma yenə bu sualların da cavabı elə özündədi. Bir az düşünsəniz, cavabın özünü axtarmağa heç ehtiyac da qalmayacaq. Mən sözümü deyib qurtardım. Düşünmək və cavabı özündə olan sualların mənasını anlamaq qalır hörmətli oxucumun öhdəsində. Yetər ki, bir az, rəhmətlik Sabir əfəndimiz demişkən, "xatiri qəmmailinizi" bu suallara məşğul edəsiniz...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə