Oxucunun yadına dərhal məşhur atalar sözü düşdü: “Köhnə hamam, köhnə tas.” Əminəm ki, atalar sözünə “düzəliş” etdiyimə görə məni qınayanar da oldu. Yəni köhnə kişilər hər şeyi ölçüb-biçib, təcrübədən keçirib, sonra mükəmməl məsəl qoyub gediblər, kimin ixtiyarı var ki, onların qoyub getdiyi müqəddəs kəlamlara düzəliş eləsin? Belə düşünən oxucularımla yüzə-yüz razıyam. Ancaq nə edəsən ki, bəzən cəmiyyətdə elə hadisələr baş verir ki, onları müşahidə edəndə, babalarımızın yolunun əksinə gedildiyini görürsən və bu yerdə babalarımızın dediklərinə də bir balaca əl gəzdirməyə məcbur olursan. İndi mən deyim, siz də eşidib qiymət verin ki, haqlıyam, ya yox?
Hə, əziz oxucular, atalar bu məsəli yaradıblar ona görə ki, köhnə zamanlarda hər hamamın öz tası, yəni iri su qabı olarmış ki, həmin su qabını, yuyunub qurtarandan sonra, doldurub tökərmişlər başlarından, bununla da, tamamən paklaşarmışlar (hər halda köhnə kişilər belə hesab edərmişlər). Hamam sahibləri başqalarından seçilmək, daha çox müştəri cəlb eləmək üçün hər biri özünə məxsus formada, daha cəlbedici taslar düzəltdirərmiş. Hər dəfə təzə hamam tikiləndə, onun da özünün məxsusi təzə tasını hazırlatdırarmışlar. Yəni hər bir köhnə hamamın köhnə tası olduğu kimi, hər bir təzə hamamın da təzə tası olarmış. İndi bu tarixi ənənəni bir az ictimailəşdirsək, ölkəni bir hamam (müqayisəyə görə məni bağışlasanız, sevinərdim), ölkədəki hadisələri də bir tas hesab eləsək, onda nə demək istədiyim hər kəsə aydın olar. Ötən əsrin sonlarında dağılmaqda olan sovet imperiyasının son nəfəsini də kəsmək üçün yaradılan xalq hərəkatının fəalları, bu imperiyanın həm Kremldəki başbilənlərinə, həm də onların məmləkətimizdəki qulbeçələrinə düşmən münasibət bəsləyirdilər. Həm də haqlı olaraq. Nə az, nə çox, 70 il səni əsarətdə saxlayan, səsini çıxran kimi başına qapaz vuran, yüz minlərlə fədai oğullarını məhv edən bir imperiyaya başqa hansı münasibət olmalı idi ki? Nəhayət, o düşməni yendik, onun əsarətindən qurtulduq, azad bir məmləkət olub, öz torpağımızın, öz sərvətimizin sahibinə çevrildik. Sonra da seçkilər keçirib milli parlamentimizi yaratdıq, iqtidarımızı müəyyən elədik, konstitusiyamızı qəbul etdik və s. Bir sözlə, milli dövlətimizi qurduq. Hər şey yeniləndi. Azərbaycan sürətlə inkişaf elədi, bütün sahələrdə gözlənilməz sıçrayışlarla irəlilədik və irəliləməkdə davam edirik. Beləcə, bütün sahələrmiz təzələndi, yalnız bir sahədən başqa. O da ibarətdi bizim əzəli-əbədi müxalifətimizdən ki, bu zavallılar yeniləşmək istəmirlər ki, istəmirlər. Məsələn, otuz il əvvəl Azərbaycan Sovet Sosialist Respublikasını idarə edənlərə hansı gözlə baxırdıqsa, indiki iqtidara bu müxaliflər həmin gözlə baxır. Otuz il əvvəl pafoslu, ibarəli nitqlərlə xalqda iqtidara necə nifrət yaratmağa çalışırdıqsa, indiki iqtidara da bəzi müxaliflər həmin üsulla inamsızlıq yaratmağa çalışırlar. Otuz il əvvəl xalqı iqtidarın üzərinə qaldırmaq üçün hansı üsullardan (xüsusən də, Dağlıq Qarabağda baş verənlərlə bağlı) istifadə edirdiksə, indiki müxaliflər də həmin üsullardan istifadə edirlər. Bunlarda dəyişən tək br şey var ki, o da özlərinin həyat tərzidi. Vaxtilə yaşadıqları rayonlardan uzağa ayağı dəyməyən bəzi müxalif liderlərinin özləri bir yana, övladlarının səsi Amerikadan, Avropanın və ən irəli getmiş ölkələrindən gəlir. Bakıda da özlərinə, necə lazımsa mülk yaradıblar. Papaqları da yoxdu deyəsən ki, qoy qabağına bir bunları düşün, sonra bağır... Müstəqilliyin ilk illərində VƏTƏN torpaqlarını alver predmetinə çevirən bəzi şərəfini, qeyrətini və vicdanını itirmişlər, bu gün də həmin vasitələrə əl atmağa çalışırlar. Dediyim odur ki, təzələnmiş, güclənmiş, dünyada ilbəil nüfuzu artan ölkənin müxalifəti ya təzələnə bilmir, ya da təzələnmək istəmir. Fərqində deyillər ki (bəlkə də fərqində olmağı sifariş verən ağaları imkan vermir), bu ölkə də, o ölkə deyil, bu millət də o millət deyil. İndi bu milləti köhnə üsulla aldadıb, nəyəsə nail olmağa ümid bəsləmək isə, rəzilliyin sonuna aparan ən optimal yoldur. Xülasə, hamam təptəzə tikilib, bəylər. Köhnə hamamdakı(oxu:Sovet Azərbaycanındakı) taslarınızı (Oxu: siyasi müxaliflik düşüncənizi) yeniləməyin zamanı çatıb da, ötüb də. Bir az da köhnə taslardan imtina eləməsəniz, yeni hamamda yeni taslardan istifadə etməsəniz, onun içindəki su “kislota”ya dönüb, bütün bədəninizi yandıracaq. Yox, əgər dünya malı naminə yanmaq istəyirsinizsə, o siz, o da sizin köhnə tasınız, nə qədər istəyirsiniz Avropada doldursunlar, siz tökün başınızdan. Can sizin, cəhənnəm sizin...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...