Həftə sonu “xatiri-qəmmailimi” sosial şəbəkələrdə məşğul etmək qərarına gəldim. Londondan ölkəsinə hədyanlar yağdıran Qurban Məmmədovdan başlamış, Osmanqızının, Qənimətin və digər onlara bənzəyənlərin son həftədəki video-yazılarına baxdım. Bilirəm, çoxunuz o saat dediniz ki, yazıq, bu zülmə necə dözmüsən?

Amma dözdüm. Gah gülürdüm, gah da onların və dəvətdə bulundurduqları qonaqlarının mənasız və şər-şəbədə dolu çıxışları barədə düşüncəyə dalırdım. Öz-özümə sual verirdim ki, dediklərinə özləri belə inanmadıqları halda, bu adamabənzərlər niyə boğazlarını çırırlar? Söz yox, bu boğazcırmadan əməlli-başlı kapital əldə edirlər. Amma axı kapital əldə etməyin başqa, daha ağıllı yolları var! Nədən, məhz özlərinə, təmsil etdikləri nəslə, sonda, ümumən, millətə başucalığı gətirməyən, dövlətə və dövlətçiliyə zərbə olan bu yolla qazanırlar kapitalı? Sonra düşüncəmə başqa bir fikir daxil oldu və məni əməlli-başlı fikir dəryasına qərq elədi. Əcəba, bunlara kapital verənlərin maraqları nədir axı? Bilirik, birinci növbədə, ermənilərin burda maraqları var ki, ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırsınlar və dünyaya da, desinlərki, biz Qarabağdakı hay qardaşlarımızın belə ölkədə yaşamasına razı ola bilmərik. İkinci növbədə, xaricdəki müxtəlif siyasi dairələrin maraqlarıdır ki, onlar hər vasitə ilə çalışırlar Azərbaycan iqtidarını gözdən salsınlar, ölkədə xaos yaransın, sonra da onu “düzəltmək” üçün ölkəmizə “təşrif gətirsinlər”. Bu yerdə barmaqlarım yığılıb yumruq şəklini aldı və baxıb gördüm ki, özümdən asılı olmayaraq, baş barmağım gedib girib şəhadət barmağımla orta barmağımın arasına, əlim də uzanıb birbaşa qərb qütbünə! Yəni ki, buranı Əfqanıstan, Liviya, Misir, Sudan, Suruya və s. ilə qarışıq salmayın, biz türklərik. Dözümümüz nə qədər çox olsa da, oyanışımız məhşər yaradar. Beş-on gədə-güdəni, küçə qadınını ortaya salıb, toy toğlusu kimi oynatmaqla, bu məmləkəti yenə bilməyəcəyinizi anlayın. Sizlərin bizdən fərqli olanınız nüvə bombalarınızdır ki, bizlərin içindəki tarixin min illərini içində hegemon xalq kimi yaşadan türklüyümüz var və biz həmin dünyanı idarə edənlərin, dünyaya mədəniyyət, dövlətçilik öyrədənlərin qanlarını daşıyırıq damarlarımızda. Xülasə, bu düşüncədən də ayrıldım və indi də məni başqa bir sual ağuşuna aldı. Yaxşı, ermənilərin maraqlarını anladıq, Qərbin məqsədini bildik, özlərini müxalifət kimi qələmə verən bəzi siyasilərin çıxışlarından aydın olur ki, onlara həm də bu ölkənin içindən dəstək verənlər var. Çox düşündüm, onların maraqlarını anlamaq istədim, amma anlaya bilmədim ki, bilmədim. Elə belə düşüncə ilə, havanın isti və küləksiz olduğunu görüb, dənizə getməyə, bir az sərinləyib, geri dönməyə qərar verdim. Getdim “Türkan çimərliyi” deyilən yerə. Son günlər ölkə başçısının göstərişi ilə Bakı meriyasının çimərliklərin pulsuz olduğu barədə qərarı olduğunu bildiyimdən, qapıdan keçib, dənizə doğru getmək istəyirdum ki, iki nəfər bığıburma cavan oğlan qabağımı kəsdi. Pul ödəyib-ödəmədiyimi soruşdu.” Nə pul? Bəs çimərlik pulsuz deyil?” Bunu demişdim ki, qolumdan tutub, məni gətirdilər birinin yanına. Sözümü lağa qoydular ki, bu kişi deyir çimərlik pulsuzdu...

Xülasə, burda olanları təfərrüatı ilə yazmıram. Etika, mədəniiyyət, mərifət, qanacaq deyilən bütün anlayışlardan xəbərsiz olan bu cavanlara məcburiyyət qarşısında beş manat ödəyib, getdim dənizə. Mənimlə yanaşı, altı nəfərdən ibarət bir ailənin başçısı isə nə az-nə çox, otuz manat ödəyib, daxil oldular çimərliyə. Elə ordaca bayaqdan anlaya bilmədiyim içimizdəkilərin marağının nədən ibarət olduğunu anladım. Ölkə başçısının göstərişini də, Bakı meriyasının qərarını da heçə sayıb, təbiətin bizə bəxş elədiyi dənizdə sərinləmək istəyimizdən istifadə edib, milyonlar qazanan adamların marağı niyə olmasın axı? Belələri həm məmurların arasında var, həm də işbazların (iş adamlarının yox a...).

Sadəcə, onlar unudurlar ki, belə əməlləri ilə onlar həmin yuxarıda haqlarında danışdığımız məxluqlara yardım etmiş olurlar. Yəni, onlara belə-belə faktlar verirlər ki, onlar da çıxııb iqtidarın iqtidarsızlığından ağızları köpüklənə-köpüklənə danışsınlar. Yəni, olurlar ilana ağu verən kərtənkələ...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...