Ayının min oyunu, bir armudun üstündə olduğu kimi, yaşadığımız həyatda da elə insanlar var ki, min hoqqadan çıxır və ya müxtəlif məzmunlu əlləm-qəlləm əməllər törədir ki, kimsə ona nəsə verəcək. Elə götürək, mütrüblərin kef edib, müxtəlif məzhəkələrlə gündəmə gəlməyə çalışdıqları şou dünyasını, eləcə də, qaz vurub, qazan doldurmaq üçün siyasətə gələn bəzi məxluqları. Bir də görürsən ki, Röya, Aygün, Faiq, Şəbnəm, Nadir, Tünzalə, Rəqsanə və bu kimi şou əhlinin yay kimi tarıma çəkilən nümayəndələri sosial şəbəkələrdə və saytlarda ən sərt söz və ifadələrlə bir-birini təhqir edirlər. Elə şeylər deyib, elə sözlər yazdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. Əti ürpəşən, dodaqları büzüşən insanlar da olur. Bu mütrüblərin bir-birini söyüşə və təhqirə qonaq etmələrindən qeyzlənib, evində stəkan-nəlbəki sındıranlar da tapılır. Amma bir iş var ki, qeyzlənmək, haldan çıxmaq bir para əsəblərini cilovlaya bilməyən insanlara qalır. Nədən ki, bir də göürürsən ki, dünən həmkarı haqqında təhqiramiz ifadələr söyləyən mütrüb, bu gün heç nə olmamış kimi, həmin həmkarının evində süfrəsinin başında oturmuş olur. Bu yerdə özünü "ay səni xatakar" deməkdən güclə saxlayırsan. Siyasət aləmi də eynən mütrüblərin cövlan eylədikləri meydan kimidir. Görürsən ki, dünən, lap elə srağagün AXCP sədri Əli Kərimli Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğolu, "Ümid" sədri İqbal Ağazadə və digərləri ilə yaxın dost və sirdaşdırlar. Bir-birilə sövdələşmələr aparır, müxtəlif tədbir və yığıncaqlarda müzakirələr qururlar. Ancaq az sonra, sanki bu məxluqların arasından qara pişik keçir. Səngərlər qazılır və bir-birini topa tuturlar. Bir-biri haqqında elə ifşaedici ittihamlar səsləndirirlər ki, adamın ayağının altından yer qaçır. Statistik məlumatlara istinadən, demək olar ki, Azərbaycan müxalifət başbilənlərinin bir-birilə savaşıb, sonra da heç nə olmamış kimi barışıb, işbirliyinə getmələri Ginneçin rekordlar kitabına düşəsi faktdır. Çünki bu ünsürlər siyasət meydanında olduqları dönəmdən, bu günə qədər dəfələrlə bir-birini söyüb, təhqir edib, sonra da barışıb, hansısa qurumda

masa arxasında əyləşiblər. Bunun da adını qoyublar, siyasi situasiyaya uyğun atılan addım. Hazırkı məqamda müxalifət düşərgəsində eyni mövqedən çıxış edən və ya eyni maraqları bölüşən iki partiya tapmaq mümkün deyil. Deyilənə görə, canavarlar bir-birinə etibar etmədiklərindən yatanda, ağız-ağıza yatırlar. Azərbaycan müxalifəti də bir-birilərinə etibar etmədiklərindən, iştirakçısı olmadıqları tədbirlərin qərarlarının icrasında iştirak etmək istəmirlər. Bu baxımdan, müxalif məxluqları dünyada analoqu olmayan sort hesab etmək olar. Amma real fakt ondan ibarətdir ki, bu sort həm yararsız, həm də çürük sortdur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə