Bir zamanlar Gürcüstanda inqilab baş verdi. "Qızılgül" adı ilə məşhur olan bu inqilabdan sonra bizim müxalifətimiz başladı "Qızılgül" plantasiyası salmağa. Bütün digər sahələrdə olduğu kimi, burda da başarısız oldular və əkdikləri "şitillər" quruyub yapışdı torpağa. Sonra Ukraynada başqa bir rəngli inqilab - narıncı inqilab baş verdi. Bizimkilər yığışdılar bir yerə, ukraynalılardan fərqli bir rənglə onların "konspekti" əsasında inqilab eləmək istədilər. Di gəl ki, yenə alınmadı. Bütün iclaslarını həsr elədilər rəng seçiminə. Əli dedi mavi olsun , Pənah dedi göy olsun, Cəmil dedi qırmızı və ilaxır. Xülasə, rəng üstündə dava eləyib, dalaşıb-söyüşüb dağıldılar. Fransızlar "sarı jiletli" hərakatına başladılar, bunlar da qara jiletə bürünüb, indi də firəngləri yamsılamaq istədilər. Hətta düşmən Ermənistanda baş verən inqilabdan necə vəcdə gəldilərsə, utanmaz-utanmaz özlərini geylərin nümayəndəsi olan Paşinyana bənzətməyə çalışdılar. Bundan da bir şey çıxmadı. İndi də ... Vallah, mən bu sosial şəbəkədə yayımlanan anti-Azərbaycan yönümlü televiziyalara baxmağa heç həvəskar deyiləm. Amma Azərbaycan vətəndaşı olaraq, hərdən interneti qurdalayıb, daxil oluram onların saytlarına ki, hər nə qədər olmasa, bizim ölkənin müxalifətidir, bəlkə bir ağıllı söz çıxar ağızlarından. Noolar düşmənlə əlbir olanda, bəlkə elə düşməndən oğurladığı bir məlumatı mesaj verər ökəsinin vətəndaşlarına. Amma hardan? Yenə köhnə hamam, köhnə tas! Yox, yanıldım, hamam köhnə olsa da, tas təzələnib. Ən son «osmanqızı.tv» adlanan şər-şəbədə kanalında Ə.Kərimlinin çıxışını izləyəndən sonra bu qənaətə gəldim. İzlədim deyəndə ki,sərsəmləmələrinə qulaq asdım. Heyif itirdiyim bir saatdan. Bəli, bəli, düz bir saat boş-boş çərənlədi, buna heyif deməyəsən, nə deyəsən? İndi də Moskvada son vaxtlar başlanan, mitinqlərlə, yürüşlərlə müşahidə olunan hərakatdan danışıb, özlərini onlarla müqayisə edir və xalqa müraciət edir ki, "davay, sroçno za Moskva!" Ona qulaq asa-asa, 1990-cı il 20 Yanvar hadisəsindən az sonra yadıma SSRİ-nin o zamankı nüfuzlu mətbuatlarından olan "Komsomolskaya Pravda" qəzetində , o zamanın fəal sovet komsomolçusu, S.M.Kirov adına ADU-nun tələbəsi Əli Kərimovun sayıqlaması düşdü. O zaman bu komsomol fəalı həmin hadisələrə görə Azərbaycan xalqını günahlandırıb, Moskvaya haqq qazandırmışdı. Bu isə, açıq-aydın o demək idi ki, bu adam Moskvanın təlimatı ilə fəaliyyət göstərirdi. İndiki çıxışından da gəlinən nəticə o idi ki, həmin komsomol Əli - yəni Əli Kərimli həmin ampluasındadı və köhnə ağalarının, bolşeviklərin ardınca getmək zorundadı. Sirr deyil ki, Rusiyada başlanan indiki hərakatın əsas hərəkətverici qüvvəsi Rusiya Kommunist Partiyası, yəni rus bolşevikləridir. (Görünür, Qərbdəki yeni ağalarından istədiyini artıq ala bilmir və yenidən üzünü çevirib köhnə ağalarına). O bolşeviklər ki, 1920-ci ldə Azərbaycana ordu yeridib, Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Azərbaycan ərazilərinin böyük bir hissəsini alıb verdi Azərbaycan torpaqlarında özünə dövlət qurmuş Ermənistana. O bolşeviklər ki, 1923-cü ildə DQMV-ni yaratmaqla ölkəmizin içində irinləyən yaranın bünövrəsini qoydu və Ermənistanda yaşayan bütün azərbaycanlıların dədə-baba yurdlarından çıxarılmasını təmin etdi. O bolşeviklər ki, 1937-ci ildə Azərbaycanın minlərlə ziyalısını pantürkist adı ilə məhv etdi. Nəhayət, o bolşeviklər ki, 1988-ci ildən ermənilərlə birlikdə Azərbaycan xalqına qarşı həyata keçirilən əsl soyqırımın bünövrəsini qoydular. Həmin çıxışda bir maraqlı məqama da diqqət çəkməyə bilmirəm. Ə.Kərimlinin həmin çıxışı Ermənistanın baş naziri Paşinyanın Xankəndidə keçirilən mitinqdəki məlum bəyanatı ilə eyni günə təsadüf (bəlkə də planlaşdırılmışdı) edirdi. Ermənistan rəhbərinin dediyi sözlərə görə, ona heç bir qınayıcı söz belə deməyən ana müxalifət "lideri" Azərbaycan hakimiyyətinin ünvanına ağzına gələni dedi. Anlamaq olmur ki, bəlkə bizim hakimiyyət Paşimyana deyib ki, Qarabağı Ermənistan ərazisi adlandırsın? Bu, sadəcə, siyasi səbatsızlıq deyil, bu, həm də öz ölkəsinə və öz dövlətinə qarşı yönəldilmiş xəyanətdir. Zavallı o qədər ağalarının tapşırığına aludə olub ki, ələ düşən bu siyasi imkanı dəyərləndirməyi, xalqın gözündə, imic xatirinə də olsa, Paşinyanın ünvanına heç bir kəskin ifadə işlətmir. Bu yerdə ataların bir sözü ilə yazıma nöqtə qoyuram: görünən dağa nə bələdçi?

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...