Yağma yaxış, müxalifət əsəbləşir

Dünən Bakıya son illərdə, yayın cırhacırında görünməmiş güclü yağış yağdı. Yağış təbiətin əzəli-əbədi hadisələindəndir və təbiəti dəyişdirmək gücündə olan nə bir dövlət var, nə bir texnika. Köhnə kişilər yersiz yağışdan pəjmürdə olanda deyərdilər ki, neyniyək, yer də allahın, göy də allahın, göydən yerə yağış səpələmək də onun, özü bilən məsləhətdi. Di gəl bizim bəzi müxalif düşüncəli insanlarımız təbiətin belə şıltaqlıqlarından da istifadə etmək, iqtidara "atəş açmaq" kimi sərsəmliyə əl atırlar. Bakıya yağan güclü yağış, iki gün öncə əsən küləyin yaratdığı fəsadlardan sonra, yeni fəsadlara səbəb oldu.

Əvvəla heç kəs yayın ortasında, avqust ayında belə bir yağışın yağacağnı gözləmirdi. Bununla belə, bəzi fəsadlarla müşayiət olunmasına rəğmən yağışın bərəkət, bolluq olduğunu, ekologiyanın saflaşmasında əvəzsiz rol oynadığını bilməyən yoxdur. Yəni, köhnə kişilər dediyi kimi, biz mane ola bilmədyimiz (əslində, mane olmağa lüzum da olmayan) bu təbiət hadisəsinin fəsadları deyəndə isə mən təkcə onun şəhərdə sel axını yaratmasını, insanların və maşınların sərbəst hərəkətinə mane olmasını nəzərdə tutmuram. Fəsad deyəndə Allahın göndərdiyi yağışın əhəmiyyətini bir yana qoyub, onun yaratdığı xırda problemləri indiki hakimiyyətin ayağına yazmaq kimi sərsəm fikirlərə şərait yaratmasını nəzərdə tuturam.

Başa düşmək olmur, əgər ABŞ kimi, Çin kimi, Hindistan, Yaponiya, Türkiyə, Kanada, İngiltərə, Fransa kimi Azərbaycandan qat-qat güclü dövlətlərdə iqtidarlar belə sel-sulardan sığorta olunmayıblarsa, cəmi 28 illik müstəqillik tarixi olan bir ölkənin iqtidarı bunu necə etsin? Həm də axı niyə etsin? Təbiəti dəyişdirib,yağışı istədiyi qədərdə,istədiyi zamanlarda yağdırmaq kimi kəşf elmə məlum deyil və bu baxımdan bütün bəşəriyyət bu və digər təbiət hadisələri qarşısında acizdir.Amma bizim bəzi müxalif düşüncəli həmvətənlərimiz ondan da siyasi şou düzəltmək istədilər. Yağış səngiyən kimi kameranı qoltuğuna vurub Bakının küçələrini ələk-vələk edən bəzi müxalif mövqeli sosial şəbəkə qəhramanları harda bir gölməçə görüblərsə, dərhal kameraya köçürüb oturdublar öz şəbəkələrinə, altından da şərh kimi bir şey qondurublar ki, hakimiyyət Bakını niyə xilas eləmir? Özü də bunu edənlərin tam əksəriyyəti Paşinyanın üç-dörd öncəki sərsəmləməsinə cınqırını belə çıxartmayanlar oldu. Başa düşmək olmur, yanımızdakı düşmənin bütöv bir xalqa etdiyi həqarətdən narahat olmayan bu zatlar allahın göndərdiyi yağışdan niyə bu qədər "narahat" olurlar?

Bunları yazmaqla heç də deməyim o deyil ki, yağışın, qarın, digər təbiət hadisələrinin yarada biləcəyi fəsadlara qarşı heç bir hazırlıq görülməməlidir. Əksinə, dövlət qurumları da, hər bir vətəndaş da belə hadisələrdən maksimum dərəcədə sığortalanmaq üçün qabaqlayıcı tədbirlər görməlidir və, ədalət naminə deməliyik ki, Bakı şəhərinin rəhbərliyi belə tədbirlər görürlər. Nöqsanları, çatışmazlıqları ilə hər fəsadın təcili aradan qaldırılmasına yönəlik görülən işlərin hamımız şahidi oluruq. Amma belə təbiət hadisələrini də, onun törətdiyi fəsadları da siyasiləşdirib indiki iqtidarın bacarıqsızlığı kimi təqdim etmək cəhdi siyasi səbatsızlıqdan başqa bir şey deyil. Çalışaq siyasi səbatsız olmayaq...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...