Deyir, “müsəlmanın gec ayılanı”. Yəni biz də xalq olaraq müsəlman olduğumuz üçün bizə çox vaxt gec çatır bir çox mətləblər. Elə ona görə də, gec ayılırıq və görürük ki, artıq hər şey üçün də artıq GECDİR!. Bizdən isə, heç olmaz bu dünyada. Allahtala bizi o qədər laqeyd və milli məsələlərdə öz taleyimizə biganə varlıq yaradıb ki, torpaqlarımız bu gün Keşikçidağda üstümüzə şığıyan gürcülərin və dılğır ermənilərin ərazisində “boy atıb” gedir. Onlar da, mədəni dildə desəm, “dişimizə” və əsas da milli təssübkeşliyimizə əla bələd olduqları üçün yenə də torpaq qamarlamaq üçün cumurlar üstümüzə. Həmişə də geçikmişik torpaq məsələsində. Romanovlar sülaləsindən tutmuş, üzü alkaqolik Yeltsinə qədər, İran şahlarından başlamış gürcü çarlarına qədər hər kəs torpağımızı qapazlayıb əlimizdən aldı, biz də oturub papaq axtarırıq qabağımıza qoyub “fikirləşməyə”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə, Qafqazda üç müstəqil dövlət formalaşandan sonra isə, 114 min kvadrat ərazimiz vardı, sonra sovet höküməti gəldi 86 min kvadrata endik. İndi də 45-50 min kvadrat kilometr ola ya olmaya. Vəssalam!. Bir sözlə, gec ayılmaq neçə yüz illərdir ki, bizimlə yol gəlir.

Mən də youtub səhifəsində baxdım bir qrup gürcünün Keşikçidagda törətdiyi təxribata. Mənzərə dəhşət idi. İnsan simasından çıxmış, xüsusi qəddarlıqla yüklənmiş bu qrup, Azərbaycan sərhədçilərinə qarşı əsl düşmən kimi davranır və onları tərksilah edib öldürmək üçün gözləri bərələ qalmışdı. Sözsüz ki, deyəcəklər ki, bunlar təxribatçı idi, ermənilərin agenturası və ya başqa qüvvələrin əlində oyuncaq olan dəstələr idi və sairə və sairə. Bu, sadəcə nağıldır. Amma yenə də anladım, provakasiyaya yol verməyək, üçüncü qüvvələr bundan istifadə etməsin və sairə və sairə, ok. Bəs Gürcüstan höküməti hansı filin qulağında “uyuyurdu”?. Sərhədləri bir dəstə təxribatçı keçir, qonşu ölkənin sərhədlərinə girir, hay-küy salır, rəsmi Tiflis də susur. Eləmi?. Get bunu ... anlat!.

Gürcüstan höküməti onları elə nəvazişlə ötürmüşdü Keçikçidağına ki, gəl görəsən. Borçalının şirəsi qalıb gürcünün dil-dodağında deyəsən. Elə 1988-ci ilin noyabrında Topxana meşəsinin qırılıb əvəzində ermənilər üçün yeni obyeklər salınması ilə başlayan prosesə oxşayır bu Keçikçidağı...

Görünən odur ki, dünya gücləri, fərqi yoxdur Kreml ya da Ağ Ev, deyəsən bu dəfə də üstümüzdə yeni ssenarini işə salırlar. İkinci Qarabağ variantının qoxusu gəlir bu hadisələrdən. Qərbdəkilərin və İvanaşvilinin bəh-bəhlə Prezident postuna otuzdurduqları xanım Salome Zurabaşvili deyəsən doğulduğu Parisin “havasını” Qafqazda əsdirməyə başlayıb. Deyirlər, bu xanım Rusiya ilə Qərbin ortaq namizədidir. İkisi arasında balans yaratmaq üçün əyləşdirilib bu kürsüyə. Demək, həm də ikisinin də əlinə “oynayan” usta siyasətçidir. İkisinin də ssenarilərində yer almağı bacaran aktyor kimi...

Xülasə, zaman-zaman ən ağır günlərində yanlarında olduğumuz, neftimizdən, qazımızdan korluq vermədiyimiz gürcülər də bu gün açıq-aşkar Keçikçidağa çıxıb, əsgərimizdən xidməti silahını alıb, bizi hədələyirsə, demək “torbada pişik” var. Kimin pişiyidir, kim bu pişiyi üztümüzə cumdurur, artıq bunun elə bir önəmi yoxdur. Yetər ki, milli kimliyimizə və torpaqlarımza sahib olaq. Ən əsas da, Keşikçidağı ikinci Topxana meşəsinə çevrilməsin.
Xülasə, ya başımıza gələnlərdən DƏRS götürüb millət kimi ayıq-sayıq olacayıq, tariximizə və torpağımıza sahib olacayıq, ya da bu gedişlə bir-iki əsrdən sonra silinib gedəcəyik, vəssalam!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə