Kim Gürcüstanı Putinin "dar ağacı"na sürükləyir?

Son günlərdə qonşu Gürcüstanı "əcəl girlədiyi" barədə keçən yazımdakı təşvişim, hal-hazırda gözlədiyimdən də, daha təhlükəli şəkildə reallaşır. Deyəsən, budəfəki Rusiya-Gürcüstan gərginliyi, 2008-ci ildəki hadisələri belə arxada qoyacaq qədər təhlükəli ssenari üzrə hərəkət edir. Bu yerdə Rüstəm Behrudinin "Salam, dar ağacı" şeiri yadıma düşdü. Açıq şəkildə görünən odur ki, kimlərsə qonşu Gürcüstanı da Vladimir Putinin "dar ağacı"na sürükləyir. Özü də ən alçaq bir təxribat proqramı ilə!

Əgər 11 il bundan əvvəl Gürcüstan öz ərazisinə girmək üçün Moskvanın qoyduğu "qırmızı cizgini" tapdalayıb hərəkət etdisə, bu dəfə sarsaq və təxrubatçı bir "jurnalist"in insan övladına yaraşmayan təhqirləri ilə rus çəkməsi qisas və əsəb dolu enerji ilə Qafqaza yönəlib. Sanki kimlərsə qəsdli şəkildə rus əsgərlərini Tbilisiyə çəkmək istəyirlər. Bu gün qonşu Gürcüstan, açıqdan-açığa, Moskvanın nəticələri çox sonralar işə düşəcək olduqca sərt cəza zərbəsinin hədəfinə çevrildi. "Rustavi-2" telekanalının əməkdaşı, heç bir etikaya sığmayan bir tərzdə V.Putinin dünyadan köçən valideynləri barədə, nəinki bir qafqazlıya, hətta adi bir insan övladına yaraşmayan əxlaqsızlıqla təhqir və söyüş dolu fikirlər səsələndirdi. Hədəf olduqca təhlükəli seçilib: V.Putinin dünyadan köçən valideynlərini təhqir etmək və şəxsi hissləri cilovlanmaz vəziyyətə gətirib, Moskvanın Gürcüstanı sərt şəkildə cəzalandırmasına yol açmaq. Belə görünür ki, Qafqazda rus çəkməsi üçün sino gedənlər, daha aqressiv şəkil alırlar. Sözsüz ki, buralarda rus gülləsi ilə gürcü qanı töküb, Rusiyaya qarşı düşmənçiyiyi qızışdırmaq üçün...

Küçədəki dilənçidən tutmuş ölkələri idarə edən prezidentlərə qədər, içində vicdan və hissiyyatı olan istənilən normal insan üçün valideynləri, xüsusi ilə dünyadan köçən valideynləri olduqca həssas, ehtirama layiq bir yerə sahibdir.

Bu cümlələri oxuyan hər kəs, anındaca, mənimlə razılaşdığını ürəyinin dərinliyindəcə təsdiq edər. Bu, mübahisəsiz belədir. V.Putinin də bu axmaq "jurnalist"in hədyanlarından sonra daxilən hansı hisslər keçirdiyini təxmin etmək də çətin iş deyil. Amma V.Putin bu gədanı cəzalandırmaq üçün nə Gürcüstana sanksiya tətbiq etdi, nə də başqa cəza yolu seçdi. "Mən o yaramazı şərəfləndirə bilmərəm" dedi sadəcə.

Kremlin balacaboy sahibi, açıqdan-açığa, xırda və həm də həddən artıq çirkli oyunlarla tələyə düşməyəcəyini, ən həssas nöqtədən vurulmasına baxmayaraq, Rusiya kimi nəhəngin sükanı arxasında boş yerə əyləşmədiyini hər kəsə göstərmiş oldu. Dünyadan köçən valideynlərinin bir axmaq və təxribatçının dilindən təhqir olunmasına baxmayaraq belə!

Bu təxribatın ssenarisini yazanlar, çox gözəl bilirdilər ki, V.Putin bu ucuz və əxlaqsız təxribatın güdazına getməyəcək, bu bədnam "jurnalist"in qulağından yapışıb onu Moskvaya aparmayacaq, Ramzan Kadırovun hər gün insan əti ilə qidalanan vəhşi pələnglərinə yem etməyəcək. Çünki V.Putini bir kənara qoyaq, heç Afrika cəngəlliklərindəki yarımvəhşi qəbilə başçıları belə bu cür ucuz və cılız təxribatlara uymazlar.

Bu işi görənlər üçün əsas məqsəd anti-Rusiya nifrətini V.Putinin şəxsində alovlandırmaq, artıq Rusiyanı deyil, Kreml sahibini təhqir hədəfinə çevirib, Gürcüstandakı ictimai rəyi buna alışdırmaq, adət halına gətirmək və Rusiya əleyhinə qonçu Gürcüstanda daimi nifrət toxumu yaratmaq. Rusiya əleyhinə siyasi oyunları Ukrayna cəbhəsindən Qafqaza sürüşdürmək. Alındımı? Çətin sualdır. Çünki bütün gürcülər də, əla anlayırlar ki, artıq bu təxribatlar Rusiya əleyhinə olan düşmənçilik deyil. Elə Gürcüstanın özünü, tarixi mənada, Moskva məzarlığına sürükləmək işidir.

Qərbdəki lokal təxribat qrupları yenə iş başındadır. Artıq keçmiş sovet ailəsinin üzvlərini "böyük qardaş"a qarşı "demokratiya" şüarı ilə ayağa qaldırmırlar. Çünki yalançı "demokratiya oyunu" çoxdan maskasını və dəyərini itirib. İndi, açıqdan-açığa, Moskvaya qarşı nifrət ideologiyası işə salınıb. Bu torpaqlarda rus düşmənçiliyi ən ağlasığmaz təxribatlarla "relsə" salınır. Bu,

Gürcüstanın kəlləsini rus baltasının altına atmaqdır. Moskva isə, heç kimin göz yaşlarına inanmır. Qərbdəkilərin məsumları qatillərin güdazına verdiyi kimi!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə