Qeybəti qadınlar edər deyirlər. Yəni "tərsə"si də budur ki, kişi qeybət eləməz. Bizim sadə peşə adamı, rəhmətlik Şükür kişi də belə deyərdi.Hələ bir az da irəli gedib deyərdi ki, bir kişi qeybət edirsə, ondan qeyrət gözləməyin. Əvvəl-əvvəl, bir öyrənək görək, axı bu qeybət nə olan şeydi ki, onu kişilərə rəva görmürlər? Bizim anladığımıza görə, qeybət də elə söhbətin bir növüdür. Yəni iki və daha çox adam bir-biri ilə söhbət edirsə, ya baş vermiş bir hadisəni müzakirə edirlər, ya biri digərinə nəsihət verir, ya biri digərinə haçansa, kimdənsə eşitdiyi bir hekayəti danışır, ya da... Hə, bax, məsələ bu sonuncu "ya"dadır ki, sadaladıqlarımızın heç biri deyilsə, deməli, qeybət edirlər.Yəni ki, ya olmayan bir şeydən gen-bol danışıb ürəklərini boşaldırlar, ya da olan bir şeyi şişirdib danışırlar, yəni qarışqanı fil eliyib, soxurlar bir-birinin gözünə.Əgər bunu qadınlar edirsə, adi hal kimi qəbul edilir. Çünki qadında "hulqum" olmadığından, nə istəsə danışar və onun danışdıqlarına da əhəmiyyət verilməz. Amma əgər kişi bunu edərsə, kişidən hesab soruşarlar və ağzından çıxan sözlərə görə cavab verməli olar. Bu dediklərim bir az keçmiş zamanlardakı kişilərə aid olsa da, elə indi də əsl kişilər milli mentalitetimizə dəxli olan bu dəyəri qoruyub-saxlayırlar. Amma di gəl, elə "kişi"lər var ki, çox dəyərlərimiz kimi, bu dəyəri də unudublar və qadın kimi qeybət eləməklə məşğul olmaqdan, sanki zövq alırlar. Bilmirəm bunu işsiz-gücsüz olmaq, ya tüfeyli həyat sürməklə əlaqələndirək, yoxsa qloballaşma siyasətinin bizə bəxş elədiyi yeni dəyər kimi! Söz yox, kimlərsə yenə ağız büzəcək ki, indiki zamanda belə mental dəyərlərdən danışıb, adamların vaxtını almağa lüzum yoxdur. Amma mən, həm də yəqin ki, mənim kimi çoxları da hesab edirlər ki, biz elə mental dəyərlərimizi unuda-unuda milli kimliyimizə də kölgə salmağa başlamışıq. Milli mentalitetimiz deyir ki, kişi qeybət eləməz, kiməsə deyəcəyi varsa, dediyinin arxasında dura biləcəyinə əmindirsə, buyurub üz-üzə sözünü deyər. Xülasə, "Qulp"çu Mübariz demişkən,keçək mətləbin düz ortasına.

O gün bir az boş vaxtım vardı. Eləmədim tənbəllik, internetə daxil olub, "youtube" portalında gəzişirdim. Birdən gördüm ki, iri şriftlərlə bir yazı var: "XALQ BU İQTİDARDAN QURTULMALIDIR!" Yanında da bir şəkil veriblər. Şəkildə kimləri görsəm, yaxşıdı? AXC hakimiyyəti zamanında baş nazir, müdafiə naziri, daxili işlər naziri, dövlət katibi, kadr məsələri üzrə dövlət müşaviri və s.və il. a. vəzifələri zəbt etmiş köhnə qurdlar. Fikrə getdim ki, görən bunlar deyir ki, bu iqtidardan can qurtaraq? Yenə eləmədim tənbəllik, düyməni basdım həmin yazının üstündən. Vallah, billah, yanılmamışdım. Həmin şəkildə gördüklərim beş-on nəfər də özləri kimi "kişi"ləri yığıblar başına, bu iqtidarın əleyhinə qeybət edirlər ha...Danışdıqlarının hamısı yalan, şər, böhtan, bir də bəzi məmurların xırda-mırda qüsurlarının şişirdilməsindən ibarət idi. Onların dediklərini təkrarlamağa ehtiyac görmürəm. Onsuz da, cəmiyyət "erməni baharı"ndan ruhlanan bu zatsızların nələr danışdıqlarını çox eşidib. Eşidib və doyunca da gülüb. Gülməyib, neyləsin? Afrika ölkələrində soyqırımlar keçirən firənglərin türkləri soyqırımda günahlandırmaları, Hindistanı çapıb-talayan ingilislərin rusları müstəmləkə siyasətində təqsirləndirmələri kimi, bircə illik hakimiyyətləri dövründə Azərbaycanı diz çökdürən, ölkəni "olum-qalım" dilemması ilə üzbəüz qoyan, torpaqlarımızın 20 faizini düşmənə ərməğan edən bu gədələr, hansısa məmurun bir yanlışlığını necə ağız dolusu "müzakirə" edirlərsə, onları tanımasan, deyərsən ki, nə xalqsevər adamlardı bunlar! Zavallılar o qədər qeybət elədilər ki, özləri də bilmədən, dönüb başladılar bir-birlərinin paxırlarını açmağa. Çünki artıq iqtidara bütün qaraları yaxmışdılar və yaxmağa rəng qalmamışdı. Sonra operator cənab bir-bir bu qeybət ustalarını ekrana lap yaxınlaşdırdı. Baxıb gördüm ki, kişi cildində olan bu adamların heç birinin xirtəyinin ortasında şişmanlıq yoxdu. O zaman anladım ki, bunların hulqumları yoxdur. Hulqumu olmayanlara da, yuxarıda demişdik axı, qeybət eləmək günah sayılmır. Vəssalam!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə