Fikir vermişəm. Qonşu Gürcüstanda hansısa hadisə baş verəndə, daima axşam vaxtlarına təsadüf edir. Sanki "gecə sürprizləri" bu xalqın alnına yazılıb. Yadımdadır, 2008-ci ilin qızmar yay gecəsində gürcülər onlardan qoparılıb separatçılara verilən torpaqlarına da gecə ikən girdilər. Amma elə səhərisi gün axşam Moskvanın əmri ilə rus əsgərləri onları düz Tbilisinin mərkəzinə kimi qovub gətirdilər. Deyəsən, tarixlər gecələr daha gözəl yazılır. Amma bir sözü bəri başdan deyim ki, artıq Gürcüstan üzərində hansısa qaranlıq ssenarilər oynalılır. Xeyirlisi Allahdan...

Nə isə gələk mətləbə. İyunun 20-də, xüsusilə, axşam tərəfi rus deputatlarının "ərköyün" davranışı üzündən yenə Qafqazda aləm bir-birinə qarışdı. Nə baş vermişdi ki, Tbilisidə gecəyarısı gürcülər parlamenti "üzük qaşı" kimi əhatəyə alıb, daş-qalaq elədilər? Hə, yenə ruslar...

Məsələ burasındadır ki, Gürcüstan parlamentində beynəlxalq tədbir keçirilib və həmin forumun sədarətini də rus kommunisti olan deputat icra edib. Oturub Bakıda səfərdə olan parlament sədrinin yerində. Bilə-bilə ki, gürcülərin də ruslara qarşı ictimai-siyasi allergiyası var, nədən qıcıqlandırma yolu seçilib? Bax, burası olduqca aktual və qaranlıq məsələdir. Amma ortada sadə bir məntiq var: ya Rusiya bunu bilə-bilə Tbilisidə anti-Rusiya çıxışlarını qızışdırmaqla, hansısa planını işə salmağa çalışır, ya da tam əksinə, Rusiya düşmənləri Gürcüstanı yenidən Putinə nifrət edənlərin yeni məskəni kimi təqdim etməyə çalışırlar.

Amma siyasətdən azacıq da olsa, başı çıxanlar əla bilirlər ki, bunların hər ikisi də Gürcüstan üçün olduqca təhlükəlidir. Həm də Tbilisidə V.Putinin portretlərini cırıb yandırmaq, ayaq altına salmaq ağır əvəz ödənməsini gündəmə gətirəcək. Balacaboy Putin belə işləri asanca həzm etmir və yaddan çıxarmır. Qonşu Gürcüstanı Moskvanın "buldozerinin" qabağına itələmək, ancaq bu xalqa növbəti düşmənçilik etmək deməkdir. Necə ki, 2008-ci ildə gürcüləri bu qırğına sürükləmişdilər. 2008-ci ilin avqust gecəsini yaxşı xatırlayıram...

Deyəsən, kimlərsə yenə də tam 11 ildən sonra Gürcüstanda rus çəkməsi üçün darıxmaq qərarına gəliblər. Daha doğrusu, rus çəkməsini gürcü torpağında görmək "arzusu" yenə də gündəmə

gətirilir. Sözsüz ki, yenə də gürcü qanını axıtmaq bahasına. Kimlərəsə gürcü qanına bulaşmış rus çəkmələrinin bu torpaqlara ayaq basması və bunu Moskvaya qarşı "ikinci Ukrayna cəbhəsi" halına gətirmək "hava və su" kimi" lazımdır. Yoxsa ictimai fikri qızışdırıb bir kommunist deputatdan ötəri o səhnələri ortaya çıxarmaq havayı yerə deyildi.

Ukraynadan sonra Qafqazlarda da ruslara nifrət etirazlarının baş qaldırması açıq-aşkar gizli bir planın yeni görüntüsüdür. Özü də qafqazlılara qətiyyən yaxşı heç nə vəd etməyən plan! Görünür, anti-Rusiya cəbhəsi üçün yeni qərargah yenə Qafqaz seçilib. Sözsüz ki, uzun əsrlərdir ki, rus çarlarının Qafqaz xalqlarına qarşı işlətdikləri səhvlərlə dolu qanlı addımlar hər xalqın yaddaşında durur və bunlardan boyun qaçırmaq, yaxud onları silib atmaq mümkünsüzdür. Ən dəhşətlisi odur ki, rus çarlarının o yanlış və qanlı addımları ta indiyə qədər də davam edir. Üzü Nikolaydan balacaboy Putinə qədərki tarixi yolda yenə rus siyasəti, erməniləri çıxmaq şərti ilə Qafqazdakı xalqlara, sanki bir düşmən münasibəti sərgiləyir. Bu, Rusiya dövlətinin ən zəif və yarıtmaz kursudur. Rusiya keçmiş "ailə üzvlərinə" böyük qardaş əvəzinə, daha çox ondan hamının çəkinməsi üçün cin libası geyinmiş bədheybət obrazında ortaya çıxır. Bu, rus çarlarının ən savadsız və qaba siyasətinin formuludur. "Məni sevmə, məndən dəlicəsinə qorx" siyasəti yenə də davam edir.

Ən maraqlısı odur ki, Gürcüstan parlamentində rus deputata qarşı baş qaldıran etirazlarda, ermənilər də öndə gedənlərdən olublar. Başqasının torpağında qəhrəman rolu oynamaq bu xalq üçün əsl zövq məsələsidir. Amma onlar Tbilisidə qəhrəman yox, provakator missiyasını üstələyiblər. Bunu, bütün yerli və regional KİV-lər də açıqca yazırlar. Kimin tapşırığı üçün ermənilər Tbilisiyə "təşrif" buyurublar"? Bu, artıq başqa məsələdir. Amma Gürcüstandakı gərginliyin kimin ideyası olduğu da yavaş-yavaş gün üzünə çıxmağa başlayır. Elə erməni faktoru nəyə desən dəyər. Ermənilər istənilən təxribatda həm Moskva üçün, həm də qərbdəkilər üçün "oynamağa öyrəşmiş peşəkar aktyorlardır". Onları bu "istedadlarına" görə həm Rusiya sevir, həm də qərbdəkilər. Buyurun, ATƏT-in Minsk Qrupunun 25 illik yersiz və lazımsız "vasitəçilik" missiyasının səhnəsini götürün. Ermənilər onlar üçün "oynayır", onlar da 25 ildir ki, ermənilərin "əlində" oynayırlar.

Görünür, Gürcüstanla bağlı yenə böyük ssenari var ortada. Amma axıdılan yenə gürcü qanı olmasın...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə