ŞOK! İlyas İsmayılov Qarabağ problemini həll edəcək...

Sosial şəbəkədə bir qəribə məlumatla qarşılaşdım. Azərbaycan SSR-in Baş Prokuroru, 20 Yanvar faciəsindən sonra SSRİ-nin Baş Nəqliyyat Prokuroru işləmiş, indi özünü Müstəqil Azərbaycanın "baş demokratı" kimi tanıtmağa çalışan "Ədalət" partiyasının sədri İlyas İsmayılov bəyanat verib ki, iqtidar ya Qarabağı azad etməlidi, ya da... Ardını yazmıram. Çünki yazacağım o qədər söz var ki, onun dediklərinə əlavə yer ayırmağa vaxtım və həvəsim çatmır.

1988-ci ilin əvvəlindən, Qarabağda hadisələrin baş qaldırdığı ilk dövrlərdə baş verənləri xatırlayanlar mənim dediklərimi də yaddaşlarında canlandırsınlar, nəyisə yanlış desəm, boynum qıldan da nazikdir. 1988-ci ilin fevral ayında hadisələr başlayandan az sonra Ağdamdan Xankəndiyə məlum yürüş təşkil edildi. Qarabağ hadisələrinin ilk iki şəhidini həmin yürüşdə qurban verdi xalqımız. 17 nəfər də yaralımız var idi. Hadisədən iki il sonra Ağdam rayon prokuroru, İ.İsmayılovun yaxın qohumu Zakir Məmmədov hadisə ilə bağlı cinayət işi qaldırdı. Fotolar əldə edib yürüş iştrakçılarını çağıraraq, pullarını alıb buraxırdılar. Rayonun fəal gəncləri müdaxilə edəndən sonra bu iyrənclik dayandırıldı və rayon prokuroru Zakir Məmmədov ona bu cinayət işini qaldırmağı şəxsən Baş Prokuror İ.İsmayılovun tapşırdığını etiraf etdi. O, etiraf etməsə belə, o dövrdə yaşamış hər kəs bilir ki, Baş Prokurorun göstərişi olmadan, heç bir rayon prokuroru bu addımı ata bilməzdi. Beləcə, xalqın gücü ilə, məhz xalqa yönəldilmiş bu iyrənc əməlin qarşısı alınsa da, iki nəfər rayon fəalını, məhz İ.İsmayılovun sanksiyası ilə həbs edib, cəza kəsdilər. Açıq da dedilərki, bunu eləməsək, Moskva bizi məhv (?) edər. Ardınca məhz İ.İsmayılovun göstərişi ilə Qarabağda, o cümlədən, Ağdamda bütün azərbaycanlılardan quş tüfənglərinə qədər bütün silahlar yığıldı. Həmin ərəfədə Sumqayıt hadisəsi baş verdi. Həmin hadisələrin ermənilər tərəfindən törədildiyini bildiyi halda, Əhməd Əhmədov adlı qeyrətli Azərbaycan oğluna cinayət işi qaldırıldı və Ə.Əhmədov Moskvaya aparılaraq güllələndi, Sumqayıt hadisələrinin təşkilatçısı olmuş Paşa ləqəbli erməni isə azad edildi. Bu və sadalamadığımız digər faktların nəticəsi idi ki, 1990-cı il 20 Yanvar hadisələrindən sonra İ.İsmayılov Moskvaya aparıldı və SSRİ-nin Baş Nəqliyyat Prokuroru təyin edildi.

Sadaladıqlarım bu şəxslə bağlı mənim bildiyim faktların az bir hissəsidir.Əcəba, xalqın təbirincə desək, yağışlar yağdı, çatlar örtüldümü? Dünən Moskvanın sifarişlərini yerinə yetirib, millətinə hər cür pislikləri can-başla yerinə yetirən birisinin, bu gün çıxıb iqtidara "ultimatum" verib, "Qarabağ məsələsini həll etməlidir, yoxsa nəsə olacaq" deməsi, həm gülüncdür, həm də nifrət oyadacaq məqamdır. Adama deməzlərmi ki, ay belə-belə olmuş, qeyrətliydinsə, vaxtında Moskvanın xoşuna gəlmək xatirinə bu milləti Qarabağda əliyalın buraxmayaydın də... Təpədən-dırnağadək silahlanmış ermənilərin qabağında camaatı silahsız qoyub, düşmən qarşısında acizləşdirən sən olmusan axı, qeyrətin Moskva səni qovub millətin yanına qaytarandan sonra cuşa gəldi?

Onsuz da, cəmiyyətin nifrətini daşıyan bir kəsin bu və buna bənzər bəyanatlarının qəbul olunmadığını, hətta ikrah doğurduğunu yaxşı bilirəm. Ona görə də, heç bir kəsərə malik olmayan belə bəyanatlara bu dəfə də xalqın reaksiyanın necə olacağını yaxşı bilirəm. Məni, sadəcə, bu maraqlandırır ki, bu qədər millətinə zərbələr vuran bir adam özündə necə üz tapır ki, çıxıb bu addımı ata bilir? Çox düşünüb, gəldiyim nəticəni də oxucularla bölüşmək istərdim. Bir ildən çox aparılan hazırlıqdan sonra ölkə başçısı sosial paketlər toplusunu imzaladı, bizim bəzi müxaliflərimiz döşlərinə döydü ki, gördünüz, iqtidar bizdən qorxdu (???), ona görə bu addımı atdı. İndi deyirəm, yəqin İ.İsmayılov görür ki, Qarabağ məsələsinin həlli yetişir, Prezident qəti addımlara hazırlaşır, ona görə belə çıxışlar edir ki, sonra desin mən "ultimatum" verdim, ona görə Qarabağ məsələsi həll edldi! Nə deyim, vallah, İlyas İsmayılov kimisinin belə addımına başqa bir qiymət verə bilmirəm.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...