Dövlətin güclənməsinə dəstək hər kəsin borcudur

Azərbaycan dövləti bu ilin əvvəlindən başlayaraq dünyanın heç bir ölkəsində analoqu olmayan sosial paketlər qoydu ortaya. Cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş bu paketlər, heç şübhəsiz, Azərbaycan vətəndaşlarının, hər bir ölkə sakininin rifahının yaxşılaşdırılmasına hesablanmış tarixi addımdır. Özünü müxalifət adlandırıb, əslində, siyasi bizneslə məşğul olanların bir ildə dövlət büdcəsindən milyardlarla manatın cəmiyyətə ötürülməsi kimi riskli, həm də qətiyyətli addıma hansı don geyindirməyə çalışmasından asılı olmayaraq, ölkə başçısının bu addımı hər bir Azərbaycan ailəsində, hər bir vətəndaşın həyatında yaxşılığa doğru ciddi dəyişikliklərlə müşahidə olunmaqdadır. Təbii ki, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş öz həyatında onun əhəmiyyətini hiss etməkdədir. Lakin mövzumuz həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kifayət qədər rəğbətlə qarşılanan bu qərarın əhəmiyyətindən danışmaq deyil. Bu,hər kəsə məlumdur və əlavə şərhə ehtiyacı olmayan faktdır. Məni bir vətəndaş kimi maraqlandıran isə, məsələnin başqa tərəfidir.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyətdən narazı qüvvələr var və bunsuz cəmiyyət yer üzündə yoxdur. Bu narazı qüvvələr (siyasi məqsədli təşkilatların təmsilçiləri istisna olmaqla), əsasən, iki yerə bölünür. Birincisi, hakimiyyətdən vəzifə ala bilməyən və ya verilən vəzifənin öhdəsindən gələ bilməyib, kənarlaşdırılanlardır. İkincisi isə, el arasında tənbəl adlandırdığımız bacarıqsız, rahat həyat arzusu ilə yaşayan, lakin bu rahat həyatı qurmaq üçün heç bir çaba göstərməyənlərdir. Bu tip insanlar oturub, ancaq dövlətdən umurlar, necə olur-olsun, dövlət onun bütün ehtiyaclarını qarşılamağa borclu olduğu fikri ilə yaşayırlar ki, bu da sovet rejimindən bizə qalan psixoloji məqamlarla bağlı miraslardandır. Birincilər haqqında danışmağa lüzum görmürəm. Çünki onlara, el arasında deyildiyi kimi, dövlət “beş barmağı bal edib” versə də, ağzından geri çəkən kimi deyəcək ki, mənə zəhər verdi. Əslində, özünü müxalifət adlandıran qüvvələrin yan-yörəsinə yığışanların böyük, həm də çox böyük bir hissəsi, məhz həmin insanlardır ki, onlar heç vaxt, heç bir halda, cəmiyyətin xeyrinə atılan hər hansı addımı təqdir etməyəcəklər. Çünki maraqları cəmiyyətin inkişafında deyil, əksinə, problemlərin yaranmasında, narazıların sayının artmasındadır.
İkincilər isə, bir az oturub, papaqlarını qarşılarna qoyub düşünməlidirlər. Dünyanın bütün sivil ölkələrində, hər bir sivil vətəndaş ölkəsinə, dövlətinə daha çox xeyir verməyə çalışır, nəinki dövlətdən daha çox mənfəət götürməyə. Dünyanın saysız- hesabsız böyük mütəfəkkirləri ailəni kiçik dövlət adlandırıblar. Deməli, hər bir vətəndaş da, qarşılıqlı olaraq, dövləti böyük bir ailə hesab etməlidir. Ailədə övlad böyüyüb, həddi-büluğa çatandan sonra, ailə başçısı onu tədricən müstəqil həyata hazırlayır ki, bu həyatın da əsas prinsipi qazanmaq, ailə büdcəsinə kömək etməklə başlayır. Bu, hər bir ailənin keçdiyi yoldur və ailələrin hər birinin bu yolu keçməsi labüddür. Əks-təqdirdə, gəncdə arxayınçılıq yarana bilər ki, bu da həmin gəncin şəxsiyyət kimi formalaşmasına imkan vermir və gələcək problemlər üçün münbit şərait yaradır. Nəticədə, ələbaxımlıq, daim kimlərinsə hesabına yaşamaq kimi sindromlar baş qaldırır. Eyni durum dövlət və dövlətçilik anlayışında da əsas prinsiplərdəndir və gərəkdir ki, hər bir vətəndaş (böyük mənada, ailənin hər bir üzvü) bu prinsipi yaşam prinsipi kimi qəbul etsin. Yəni ölkədə yaranan şəraitdən faydalanaraq, özünün biznesini (bacarığa görə iri və ya kiçik biznes, fərq etməz) qurmağa, qazanmağa, qazancından dövlətin qüdrətlənməsinə dəstək verməyə, bunu bacarmayanlar, ölkədə yaranan iş yerlərində xaricdən gəlib işləyənləri əvəz etməyə, fiziki və ya zehni əməklə məşğul olub həm özünün kiçik ailəsinin daha yaxşı dolanmasına, həm də böyük ailəsinin daha da güclənməsinə yardım etməlidir. Nəzərə alsaq ki, təhsil, mədəniyyət, səhiyyə, ekoloji problemlərin həlli, yol infrastrukturunun yenilənməsi, həm paytaxtın, həm də regionların yenidən qurulması və s.ilə yanaşı, müharibə şəraitində olduğu üçün hərbi qüdrətini daim inkişaf etdirmək, hərbi müdaxilə nəticəsində, ev-eşiyindən didərgin düşmüş bir milyondan artıq insanın problemlərinin həllinə köklənmək, nəhayət, zorla sürükləndiyimiz müharibənin nəticəsində, ölkədə on minlərlə şəhid ailəsinin, əlillərin, digər ehtiyaclı təbəqələrin də normal yaşayışını təmin etmək yükü də dövlətin üzərindədir, o zaman hər birimizin dövlətin iqtisadi gücünün artmasında nə qədər məsuliyyət daşıdığımızı anlayarıq.
Məncə, mövzu ilə bağlı geniş diskussiya açmağa dəyər. Çünki dövlətin daha güclü olması, hər birimizin gələcəyinin qarantı olduğu kimi, onun güclənməsinə dəstək də hər birimizin vətəndaşlıq borcumuzdur.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə