Hərdən mənə elə gəlir ki, artıq dünya siyasətində əsl aktyorlaşma və səhnə quruluşu meydana gəlir. Sanki dünya siyasəti, siyasətin mahiyyətində olduğu kimi, rol oynama meydanına çevrilir. Özü də açıqdan-açığa. Əvvələr siyasətin çirkin bir iş olduğunu, burda yer alan insanların, yəni siyasətçilərin də əsl aktyor olduqlarını, öz maraqları üçün insanları qurban verdiklərini deyirdilər. İndi bunu deməyə ehtiyac belə qalmayıb. Çünki artıq siyasi prosesləri peşəkar aktyorlar idarə etməyə başlayıblar. Daha doğrusu, iş başına aktyorlar gəliblər. Sənətli-sübutlu aktyorlar!

Ölkəni idarə edib-etməyəcəkləri də başqa məsələdir. Son 10 il ərzində dünya siyasətindəki əsas siyasi fiqurların aktyor və şoumenlər arasından seçilməsi də təəccüb və şübhələri ikiqat artırır. Sanki dünya siyasətində "gözəgörünməz əl" bu işləri aparır. Belə çıxır ki, insanlar onları idarə etmək üçün aktyorlar seçirlər. Elə Ukraynada da belə oldu. "Şokolad kralı" olan yəhudi Poroşenko getdi, əvəzində, şoumen yəhidi Vladimir Zelenski gəldi iş başına. Özü də inciksiz- filansız. Maraqlı və maraqlı olduğu qədər də müəmmalı keçid oldu.

Bəs necə oldu ki, ukraynalılar az qala 30-a yaxınlaşan namizədlərin içindən iki nəfəri seçdilər ikinci tura? Sonra da "şokolad kralı"ndan imtina edib, şoumen oğlana səs verdilər. Bu faktın özü, daha betər təəccüblü məsələdir. Bircə gün də siyasətdə və dövlət işində iştirakı olmayan birisinin o boyda Ukraynada əzici səs qazanması, Rusiya ilə düşmən vəziyyətində olan bir xalqın bu gərgin və olduqca həssas zamanda peşəkar siyasətçi əvəzinə, şoumen birisinə qucaq açması dünya siyasətinin gizlinliklərindən də xəbər verir. Korrupsiya və rüşvətin, oliqarx cinayətkar elitanın at çapdığı, ərazisinin əsas hissələri zəbt olunmuş bir ölkə üçün şoumenin prezident seçilməsi, sanki tarixin istehzasıdır. Oturuşmuş korrupsioner oliqarxiyanın bu şoumen cavan oğlandan çəkinməsi qədər gülünc və istehzalı heç nə ola bilməz. Nəzərə alanda ki, bu təhlükəli oliqarxiyanın başında Petro Poroşenkonun özü dayanıb, o zaman ukraynalılar üçün oynanılan bu acınacaqlı tamaşadan təsirlənməmək olmur.

Bəs P.Poroşenko Ukrayna üçün nə ilə yadda qaldı? Üzüyola Yanukoviçi Leninsayağı inqilabla yola salan ukraynalılar, P.Poroşenkonun hakimiyyəti dövründə rusların qəzəbinə gələrək, Donetsk və Luqansk kimi strateji şəhərləri, ən dəhşətlisi isə, Soçi kimi tarixi kurort diyarını əldən verdilər. P.Poroşenko hakimiyyəti dövründə özünü qatı Rusiyanın və Putinin düşməni kimi göstərsə də, iflas və böhran qapısında növbə gözləyən Ukrayna üçün heç nə edə bilmədi. Ölkə iqtisadiyyatını və güzəranı düzəltmək bir yana, qədim slavyan torpağını əsl bataqlığa çevirdi. İdeoloji olaraq ukraynalıların "qarnını vədlər və Putinə nifrət saçan ifadələrlə" doydursa da, ukraynalılar çörək və ərzaq üzünə həsrət qaldılar. İndi Ukraynada qarın doyurmaq asan məsələ deyil. İqtisadi böhran, milli valyutanın yerlərdə sürünməsi və ən əsası da gələcəyə olan inamsızlıq. Bu yekəlikdə slavyan dövləti Taras Şevçenkonun şeirlərindəki acı misraları xatırladır.

Beləliklə, Ukraynada yəhudi əsilli Popoşenko ilə onun həmyerlisi Zelenskinin hakimiyyət alış-verişi, ya da belə deyək, hakimiyyət təhvil-təslimi baş tutub. Cavan şoumeni kim seçib bəs? 73 faizli əzici üstünlüyü ona kim verib: Ukrayna yoxsa..? Bunu da zaman göstərəcək. Hər şeyi vaxtında göstərdiyi kimi. Amma Ukraynanın ümidi bu cavan şoumenə qalıbsa, onda məsələ qəlizdir. Düzdür, bəri başdan mənfi misraları ard-arda düzmək fikrim yoxdur. Bəlkə də elə bu cavan şoumen Ukrayna üçün əsl qəhrəmana çevriləcək. Hər saniyənin və "dərin dövlətin" Zelenskiyə biçilmiş rolun öz hökmü var. Amma V.Putinin indiki vaxtında Zelenskinin Kiyevdə qəhrəmanlıq arzusu qəliz məsələdir...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə