Azərbaycan satirasının ustadı, filosof və müəllim Mirzə Ələkbər Sabirin belə bir satirik beyti var: "Əcnəbilər seyrə balonlarda çıxır, biz hələ avtomobilə minməyirik. Deyirəm, ölməz satira ustadı bugünükü dövrümüzün 6 milyard insanlarından biri olsa idi, yəqin ki, fərqli beyt yazardı. Axı bu gün elə soydaşlarımız var ki, müxtəlif markalı avtomobillərdən kolleksiya düzəldir. Ən azı, elə bir ailə tapmazsan ki, o ailədə avtombil olmasın. Bu azmış kimi, balonların yeni və müasir versiyası olan "Mİ-8 MTV1" markalı vertolyot sahibi olan insanlar da var. Həmin xod gedən insanlar səhər qəlyanaltılarını Bakıda, günorta naharını İstanbulda, axşam istirahətini isə Fransada Eyfel qülləsindən Parisin bərq vuran sayrışan gözəlliyini seyr etməklə keçirir. Elmi-texniki, texnoloji tərəqqi inkişaf etdikcə, insanların xarici görnüşü kimi, daxili aləmləri də dəyişir. Artıq yüksəliş o həddə çatıb ki, söz-sənət sahibi Abbas Tufarqanlı demişkən, oğullar atanı, qızlar ananı, gəlinlər də qaynanı bəyənmir. Yəni gözlərini açıb, müasir dövrün "işıq sürətinə bərabər" inkişafını görənlər, dərhal özlərinə məxsus həyatlarını, yaşayışlarını qurmağa çalışırlar. Bu zaman ailə dəyərləri, tarixi adət-ənənə arxa plana keçir. Əgər çaşıb, məsləhət versən, yol göstərsən, sənə elə cavab verərlər ki, dəymişin qala-qala, kalın tökülər. Əvvəllər uşaq gözünü açanda, dedikləri ilk söz "ana", "ata" olurdusa, indi əl-qol işarələri ilə telefon istəyir. Valdeyn də, uşağının bu hərəkətini dəcəllik kimi qiymətləndirib, irişir. Hətta uşağının bu qoçaqlığını evinə gələn qonaq-qaraya da danışıb, şəstlə lovğalanır da. Amma dərk etmir ki, göz-görəsi, yəni şürlu şəkildə indidən övladının "toyu"nu edir. Telefona asılılıq, sosial şəbəkələrə bağlılıq o uşağın həyatını alt-üst edəcək. Müasir dövrdə baş verən cinayətlərin, boşanmaların az qala 60-70 faizi sosial şəbəkələrin və telefonların yaratdığı fəsadların payına düşür. Elə uzağa getməyək, bir neçə gün əvvəl Xaçmaz rayonundan olan gənc qadın telefonunu əlindən aldğına görə, 31 yaşlı ərininin ürəyinə bıçaq soxmaqla, onun həyatına son qoyub. Yenicə ailə quran gənc qadınların facebook-da tanış olduqları oğlanlara qoşularaq qaçmaları barədə kifayət qədər faktlar var. O gün televiziyaların birində boy-boya 8 kişinin oturub, öz qəzavü-qədərlərini altdan-altdan irişən aparıcıya nəql etdiklərini seyr etdik. Səbəb yenə də, qadınların sosial şəbəkələrdə tanış olduqları , manyakların yağlı vədlərinə aldanaraq, uşaqlarını və ərlərini atıb qaranlıq tunelə doğru qaçmalarıdır. Ona görə də, el məslidir, körpə vaxtı qızını döyməyən ana, böyüyəndə dizinə döyər. Çoxları, o cümlədən, basıb-bağlayan və dil qəhrəmanları olan mütəxəssislər iddia edirlər ki, sosial şəbəkələrdən gələn bəlanın qarşısını almaq üçün maarifləndirici söhbətlərə və müzakirələrə ehtiyac var. Adama deyən lazımdır bığlı və saqalı kişini və ya kifayət qədər yaşı-başı olan qadını sözlə başa salmaq, onu sosial şəbəkələrin gətirdiyi bəlaları anlatmaq olar? Döymək, təpikləmək də mənasızdır. Çünki artıq sosial şəbəkə azarı onun qanına-canına hopub. Bəlkə də, narkotika aludəçisini sağaltmaq, onu üzləşdiyi fəlakətdən xilas etmək olar. Ancaq inanmıram ki, sosial şəbəkə xəstəsini sağalmaq mümükün olsun. Fikir verin, bir qədər əvvəl küy düşdü ki, bəs, Mark Zuckerberq facebook istifadəçilərinin əksəriyyətini özünün qara siayhısına salıb. Siyahıdan adını çıxarmaq istəyənlər, bir-birinə nöqtələr göndərməlidirlər. Həngamə bundan sonra başladı, evdə ərinə sifət bozardan və ya hər fürsətdə həyat yoldaşını acılayan kişilər, zəhər tuluğu olan oğlan və qızlar facebook-da oldular quzu. "Dostluğ"undakı tanışlarına "qadan alım-başına dönüm, mənə nöqtələr göndər" yazanlar da oldu. Hətta tanışlarına telefonla zəng edib, "ölmüşəm, məni yedən götür, "nöqtə" göndərməsən, səhifəm bağlanacaq" deyib, yazıq-yazıq gileyi-güzar edənlər də oldu. Yəqin ki, Mark qağa da 30 mərtəbəli ofisinin 12-ci mərtəbəsindəki iş otağından yaratığı bu xaosu seyr edib, qəh qəhə çəkərək, gülür. Hətta güzgünün önündə dayanıb, qoçaqlığından qürrələnir də. Biz isə, nə deyə bilərik ki, Ramazan ayı olduğundan, Mark Zuckberqi yamanlamaqla ürəyimizi boşalda da bilmərik. Qalsın, onunla haqq-hesab Ramazandan sonraya. Sosial şəbəkə istifadəçilərinə isə, bir qədər ehtiyatlı olmağı məsləhət görərdim.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə