Qələbə əzmi bu "qüvvələr"in kələyini çoxdan kəsib

Kifayət qədər sübuta yetirilib ki, Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi barədə verilən qərar və artıq həmin qərarın müqabilində, Azərbaycanın möhtəşəm idman yarışlarına hazır olması, bir daha təsdiq edir ki, Azərbaycan hər cür qələbəyə layiqdir və qadirdir! Xüsusilə də, son 16 il ərzində, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əldə olunan böyük və tarixi nailiyyətlər deyilənlərin sübutu və Azərbaycan dövlətinin təntənəsidir.

Azərbaycan idmanının dünyanın bütün ölkələrində əldə etdiyi uğur və nailiyyətləri, Olimpiya Hərəkatında qazanılan çoxsaylı medallar, ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq idman yarışları, məhz tarixi nailiyyətlərimizin sırf göstəricisidir. Azərbaycan xalqının ümidləri hər zaman özünü doğruldub. Çünki bu ümidlərin, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi faktı möhkəm əsaslara söykənir. Biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi, Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda on medal... Beləliklə, bizi gələcəkdə də medallar və qələbələr bundan sonra da gözləyir. Bu qələbələr Azərbaycan xalqının qələbəsi, idmançıların qələbəsi olacaq. Belə ki, Azərbaycan bu qələbələrə layiq ölkədir. Məhz Prezidentimiz İlham Əliyev də belə vurğulayıb: "Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir. Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi".

Göründüyü kimi, artıq əldə edilən hər bir nailiyyətin arxasında faktlar və danılmaz həqiqətlər dayanır. Hətta son zamanlar Azərbaycanın bu kimi mötəbər və möhtəşəm yarışlara ev sahibi adını əldə etməsindən vahiməyə düşən, qıcıqlanan, hətta aqressivləşən bir sıra siyasi dairələr, onlara kifayət qədər pul-para buraxan erməni lobbisi, o cümlədən, sapı özümüzdən olan tiyələri korşalmış baltalar da, yəqin ediblər ki, onların qərəz, şantajlar üzərində etdikləri var-gəlləri nəticəsiz qalacaq. Çünki Azərbaycanın qələbə əzmi çoxdan bu "qüvvələrin" kələyini kökündən kəsib.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...