Emin Millinin “etirafı” – dağıdıcılıq meydanından imtina, yoxsa...

Meydan TV-nin sabiq rəhbəri, hazırda Almaniyada yaşayan Emin Millinin Facebook sosial şəbəkədəsindəki üzristəmə faktı müxtəlif səmtlərə yozula bilər. Çünki burada yalnız birtərəfli qaydada peşman olmaq məsələsi dayanmayıb və o cümlədən, ikibaşlı ifadələr istər-istəməz sözügedən statusu oxuyanların diqqətini çəkib. Maraqlıdır ki, bir sıra mətbuat səhifələri bunu bilavasitə onun dövlət başçısından üzr istəməsi ilə əlaqələndiriblər və əgər belə olsaydı, səmimiyyət daha aşkar görünə bilərdi. Amma...

Amma onun AXCP sədri Əli Kərimlidən də üzr istəyərək, bu dəfə özünü bitərəf kimi təqdim etməsi ortada qeyri-səmimiliyin olduğunu daha çox qabartmış olur. Bu, Emin Millinin nə ət, nə də balıq prinsipində qalmasına bir işarətdir.

Əslində isə, Meydan TV-nin sabiq rəhbəri hələ aylar öncə - dövlət başçısının inqilabi islahatlarını təqdir edən yazısı ilə çıxış etdiyi vaxt, hətta onunla müsahibə etmək marağında olduğunu deyərkən, özündə güc tapıb, təmsil olunduğu qaragüruhdan publik şəkildə imtina etsəydi, onun sonuncu statusundan hər hansı bir səmimiyyət ştirxlərini sezmək olardı. Amma təəssüf ki, o daxilindəkini birdəfəlik silib-atmaq gücünü yenə də özündə tapa bilmədi. Misal üçün, o zaman-zaman içindəki nifrət hisslərini gizlədə bilmədiyinə görə guya ki, üzr istəyib – həm iqtidardan, həm də müxalifətdən (?-R.N.) Sual yaranır: ay E.Milli, onda sənin üzristəmə cəhdin nəyə yaradı ki? Hakimiyyət xalqla təmasını daha da artırıb, dağıdıcı müxalifəti xarici dairələrə deyil, xalqa, dövlət maraqlarına xidmət etməyə, sivil mübarizəyə səsləyib, bəlli müxalfətçiləri, o cümlədən Əli Kərimlini qaragüruhçuluqdan, məlum söyüş kampaniyalarından çəkindirməyə çağırıb və s. Yəni E.Milli nifrətin quruculuq deyil, dağıdıcılıq rolu oynadığını müəyyən mənada etiraf etsə də, sözünü açıq şəkildə radikal müxalifət “liderlərinə” deməyərək, iqtidarı da sözügedən statusunun gözünə qatıb. Bunu üzr istəmək deyil, sadəcə və sadəcə yaxasını kənara çəkmək adlandırsaq, daha doğru olardı.

Lakin E.Milli bir həqiqəti də dərk etməlidir ki, onun dövlət başçısından da üzr istəməsi arxasında dövlətin humanizm prinsipinin, siyasətinin gerçəkliyi dayanır. Yəni Meydan TV-nin sabiq rəhbəri yaxşı bilir, hətta inanır ki, üzr istəsə bağışlanmaq ehtimalı böyükdür! O bunu bilməsəydi, dərk etməsəydi, heç həmin statusunu yazmazdı da...

Fəqət siyasətinə qarşı çıxanlara qarşı hədə-qorxu gələrək, “hakimiyyətə gələrsək filan edəcəyik, asacağıq-kəsəcəyik” tipli qisasçı fikirləri ilə gündəmdə qalan Ə. Kərimli onu bağışlayacaqmı? Ümumiyyətlə, AXCP sədrinin belə bir insani hisslərə malik olduğuna nə qədər inanmaq olar? Bəlkə də, E.Milli Ə.Kərimlinin onu bağışlaya bilməyəcəyini (!-R.N.) dərk etdiyinə görə, cəbhəçi sədrin xoşuna gedəcək bir cümlə işlədib. O, AXCP sədrinin pasport məsələsinə toxunub və bununla da özünə necə deyərlər, barmaqyeri qoyub. Sabah Ə.Kərimli onun yaxasından tutub, “o vaxtı iqtidardan, dövlət başçısından niyə üzr istədin?” deyə soruşanda, o da qayıdıb-desin ki, bəs sənin pasport məsələni də dilə gətirmişəm və s... Hərgah AXCP sədrinin E.Millinin yaxasından tutub həmin sualı vermək imkanı “0” həddindədir...

Başqa tərəfdən, E.Milli özündə cürət tapa bilməyib ki, nifrətin nə qədər təhlükəli, dağıdıcı olduğunu etiraf edərkən, onun təmsil olunduğu cinahdan qaynaqlandığını etiraf etsin. Yəni maraqlıdır ki, "... Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram... " sözlərini yazarkən, o nəyə görə, bütövlükdə ölkəni nəzərdə tutub? Nifrət və etibarsızlıq bilavasitə radikal, dağıdıcı, qaragüruhçu, bir-birlərini həzm etməyən, seçkilərdə bir-birlərinin xeyirlərinə geri addım atmayan müxalifət “liderlərin” mövcud “simalarında” əks olunmurmu?! Axı bir neçə nəfərin nifrətini bütöv bir ölkənin ayağına yazmaq nə qədər doğru bir seçimdir ay E.Milli..?

Azərbaycanda yeni hekayə qurmağa da ehtiyac yoxdur əslində. Bu hekayə hələ illər öncə qurulub və reallığı ilə özünü təsdiq edib. Yeni hekayəni isə, hələ də özlərinə yer tapa bilməyən, bir-birlərini asıb-kəsən, eyni təşkilatı yaradıb, sonradan bir neçə yerə parçalanan radikal, dağıdıcılıq təfəkküründən yaxa qurtara bilməyən müxalifət “liderlər” yazsınlar. Onu da özlərinin xilası üçün, dövlətin xilası üçün deyil. Çünki dövlətin xilası uzaq 1993-cü ildə baş tutub. Yəqin ki, E.Milliyə bunu da xatırlatmağın yeri var.

Hə, sonda onu da qeyd edim ki, E.Milli Meydan TV-dən getsə də, özünü azad və sərbəst hiss etsə də, Almaniya kafelərinin birindəki köhnə kresloda ooturub, siyasi romantizim fikirlərinə dalsa da, onun içində müəyyən vicdan oyanışını da sezmək olar. Amma nə olardı ki, o həmin vicdanının səsinə bir azda çox qulaq verərək, səmimiyyətini daha açıq şəkildə ortaya qoyardı. Təəssüf ki, o bu məsələdə səmimiliyini deyil, ikibaşlı oyununu oynayıb və üzristəmə adı altında özünüsığorta meyllərini sərgiləyib. Buna isə üzristəmə adını qoymaq heç də məntiqli görünmür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...